Icma.az, Newscenter.az saytına istinadən bildirir.
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi iki ölkə arasında münasibətlərin mövcud gündəmi baxımından xüsusi əhəmiyyət daşıyır. Rəsmi məlumatlara görə dövlət başçıları ikitərəfli əlaqələri, regional və qlobal məsələləri müzakirə edib, Azərbaycan-Türkiyə əməkdaşlığının bundan sonra da inkişaf edəcəyinə əminliklərini ifadə ediblər. Ərdoğanın Azərbaycan Prezidentini Türk Dövlətləri Təşkilatının Ankarada keçiriləcək 13-cü Zirvə görüşünə dəvət etməsi də münasibətlərin davamlı inkişafına yönəlmiş siyasi mesaj kimi qiymətləndirilə bilər".
Bunları Newscenter.az-a politoloq Yusif Bağırzadə deyib. O bildirib ki, son günlər iki ölkənin ictimai müzakirələrində müəyyən narazılıqların və fikir ayrılıqlarının üzə çıxması fonunda bu təmasın əhəmiyyəti daha da artır:
"Lakin burada əsas məqam ondan ibarətdir ki, ayrı-ayrı məsələlərdə fərqli mövqelərin mövcudluğu Azərbaycan və Türkiyə münasibətlərinin ümumi mahiyyəti ilə qarışdırılmamalıdır. Hər bir müstəqil dövlətin öz daxili siyasəti, qanunvericiliyi, milli maraqları və qərarvermə prinsipləri var. Bu səbəbdən iki ölkənin bütün məsələlərə eyni yanaşmasını gözləmək nə realdır, nə də zəruridir".
Politoloq qeyd edib ki, Azərbaycan və Türkiyə dost, qardaş və strateji müttəfiq ölkələrdir:
"Bu münasibətlər yalnız ayrı-ayrı siyasi məsələlərə dair mövqelərin üst-üstə düşməsinə deyil, tarixi bağlılığa, qarşılıqlı etimada, ortaq maraqlara və uzunmüddətli əməkdaşlığa əsaslanır. Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə yüksələn əlaqələr təhlükəsizlik, müdafiə, enerji, nəqliyyat və regional əməkdaşlıq kimi mühüm istiqamətləri əhatə edir. Buna görə də hər hansı konkret məsələ ətrafında yaranan mübahisənin bütövlükdə ikitərəfli münasibətlərə xələl gətirməsi mümkün deyil. Ayrı-ayrı şəxslərin və siyasi dairələrin mövqelərini bütövlükdə Azərbaycan və ya Türkiyə dövlətinin rəsmi siyasəti kimi təqdim etmək də bu baxımdan doğru yanaşma deyil.
Ərdoğanın zəngi bir daha münasibətlərdə dialoqun davam etdiyini və liderlərin əməkdaşlığın inkişafında maraqlı olduqlarını sübut edir. Ümumiyyətlə isə Azərbaycan-Türkiyə münasibətlərinin gücü heç bir fikir ayrılığının olmamasında deyil, mövcud fərqləri dostluğa və müttəfiqliyə zərər vermədən həll etmək bacarığındadır. İki qardaş ölkə arasında müxtəlif məsələlər üzrə fərqli mövqelər yarana bilər, lakin bu, onların strateji tərəfdaşlığının mahiyyətini dəyişmir".
Süleyman