“Azərbaycan vətəndaşlarının işğalçı müharibələrdə iştirakı qəbuledilməzdir” HƏRBİ ESKPERT

04.02.2026

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ötən gün DTX-nın açıqlamasında deyilib ki, Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlarda iştirak etmiş Azərbaycan Respublikasının vətəndaşları məsuliyyətə cəlb olunmuşlar.

Bildirilib ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin tərkibində ölkə hüdudlarından kənarda hərbi münaqişələrdə iştirak edən Azərbaycan Respublikası vətəndaşlarının müəyyən edilərək hüquqi məsuliyyətə cəlb olunmaları istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Mövzu ilə bağlı Gununsesi.info -ya danışan hərbi eskpert Ədalət Verdiyev hesab edir ki, ictimai rəy baxımından Azərbaycan vətəndaşlarının hər hansı bir ölkənin azadlığı və ya işğalı uğrunda savaşması normal qəbul edilmir:

“Əlbəttə, istisna hallar ola bilər.Azərbaycanlı əsilli, lakin Ukrayna vətəndaşı olan şəxslər vətəndaşı olduqları ölkənin ərazi bütövlüyü uğrunda döyüşə bilərlər. Ancaq Rusiya tərəfində vuruşanlara qarşı cəmiyyətdə heç vaxt xüsusi bir rəğbət olmayıb.

Əksinə, Azərbaycan cəmiyyəti işğalçı müharibədə iştirak edən şəxsləri daim tənqid edib və bu mövqedən çıxış edib. Mən də dəfələrlə vurğulamışam ki, 5–10 qəpiyə görə qalib Azərbaycanın nüfuzuna xələl gətirmək olmaz.

Hətta daha irəli gedən hallar da olub. Ukraynada Rusiya tərəfində döyüşən bir şəxsin Azərbaycana gətirilərək dəfn edilməsi, məzar daşına “şəhid” sözünün yazılması və Azərbaycan bayrağının qaldırılması ciddi narazılıq doğurub. İşğalçı müharibədə iştirak etmiş bir şəxsə şəhid adı verilməsi suallar yaradır. Bu zaman aidiyyəti qurumlar hara baxırdı? Təəssüf ki, heç bir qurum bu məsələyə vaxtında reaksiya vermədi.

Bir çox şəhid ailələri də bu addıma etiraz edərək hərəkəti qınadı. Buna baxmayaraq, indiyə qədər heç bir rəsmi qurum bu cür halların qarşısının alınması və gələcəkdə təkrarlanmaması üçün açıq mövqe ortaya qoymayıb”.

Hərbi eskpert qeyd edib ki, bu baxımdan Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatı müsbət qiymətləndirirəm:

“Bu, bir çoxları üçün dərs olacaq. Axı Azərbaycan vətəndaşları niyə başqa bir dövlətin, xüsusilə də işğalçı siyasət yürüdən bir ölkənin tərəfində döyüşməlidir? Ümumiyyətlə, bu cür fəaliyyətlər qanunla qadağandır və hüquqi məsuliyyət yaradır”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью