Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Azərbaycan və Vyetnamın əməkdaşlığı yerləşdikləri regionlarda hegemonluğa çalışan güclü dövlətlərin diktəsini neytrallaşdırır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Tural Gəncəliyev Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.
O bildirib ki, Prezident İlham Əliyevin Vyetnama səfəri Azərbaycanın çoxşaxəli xarici siyasət kursunu bir daha təsdiqləyib.
Deputatın sözlərinə görə, Azərbaycanla Vyetnam arasında münasibətlərin dərin tarixi kökləri var. O xatırladıb ki, 1959-cu ildə Vyetnamın o zamankı prezidenti Ho Şi Min Bakıya səfər edib, 1983-cü ildə isə Heydər Əliyevin rəhbərliyi ilə Vyetnama mühüm səfər həyata keçirilib.
T.Gəncəliyev qeyd edib ki, coğrafi baxımdan bir-birindən uzaqda yerləşmələrinə baxmayaraq, iki ölkə arasında iqtisadi əlaqələr inkişaf edir. Onun sözlərinə görə, 2025-ci ildə Azərbaycanla Vyetnam arasında ticarət dövriyyəsi 150 milyon dollar təşkil edib.
Deputat iki ölkənin oxşar xüsusiyyətlərindən də danışıb. O bildirib ki, həm Azərbaycan, həm də Vyetnam müstəqil və suveren xarici siyasət yürüdür, eyni zamanda mühüm nəqliyyat-kommunikasiya marşrutları üzərində yerləşir.
T.Gəncəliyev Azərbaycanın Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində, Vyetnamın isə Malakka boğazı ilə Cənub-Şərqi Çin dənizini birləşdirən mühüm coğrafi mövqedə yerləşdiyini vurğulayıb.
O, Cənub-Şərqi Çin dənizinin beynəlxalq ticarət və enerji resursları baxımından əhəmiyyətinə diqqət çəkərək, bu hövzədə 11 milyard barel neft və 5,3 trilyon kubmetr qaz ehtiyatının olduğunu bildirib.
Deputat, həmçinin Azərbaycanla Vyetnam arasında mədəni-humanitar əlaqələrin inkişaf etdiyini, sovet dövründə 5 minə yaxın vyetnamlı tələbənin ölkəmizdə təhsil aldığını xatırladıb.
T.Gəncəliyev Prezident İlham Əliyevin Vyetnama səfərini tarixi və uğurlu addım kimi qiymətləndirərək, bunun xalqlar arasında münasibətlərin daha da inkişafına töhfə verəcəyini bildirib.
Zeynəb Rzayeva