Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Paris, 28 yanvar, AZƏRTAC
“Anara Zakirli” 2018-ci ildə yaradılmış Azərbaycan moda brendidir. Brendin əsas məqsədi Azərbaycan xalçalarının zəngin və dərin mənaya malik ənənəvi ornamentlərini müasir moda dili ilə dünyaya tanıtmaqdır. Bu ideya əsasında yaradılan kolleksiyalar klassik irs ilə çağdaş dizayn arasında incə bir harmoniya yaradır.
Bu fikirləri brendin direktoru Anarə Zakirli AZƏRTAC-a müsahibəsində deyib.
Bildirib ki, brend bir çox ölkələrdə moda həftələrində iştirak edib, bu il isə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Paris moda həftəsinə qatılıb. Brend moda həftəsində son kolleksiyasını uğurla nümayiş etdirib.
“Brend kolleksiyalarının ideyaları ölkəmizin dəyərlərindən, xalça motivlərindən və ornamentlərindən ilhamlanır. Paris moda həftəsindəki kolleksiya “Xətai ismi” naxışından ilhamlanaraq yaradılıb və müasir moda ilə uyğunlaşdırılıb. Bundan öncəki kolleksiyalarda – “Qoca” kolleksiyasında ölkə mədəniyyətinin beşiyi sayılan Şuşa xalçalarının naxışalarından, “Zərəfşan” kolleksiyasında Afşan ornamentlərindən, “Qarabağ” kolleksiyasında bu zonanın xalçalarından ilham alınaraq hazırlanıb”,-deyə direktor bildirib.