Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Zamir HÜSEYNOV, Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədr müavini Azərbaycan dövlətinin xilaskarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin vəfatının 21 ilinin tamam olduğu bu günlərdə ölkəmizin hər yerində Ulu Öndər böyük hörmət və rəhmətlə anılır.
XX əsrin bənzərsiz dövlət xadimi, dünya siyasi tarixinə adını yazdırmış dahi şəxsiyyət, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev yaddaşlarda öz həyatını doğma xalqına həsr etmiş biri kimi qalıb.
Ona görə ki, cəsarətli Lider bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət edib.
Bu baxımdan, demək olar ki, Azərbaycan tarixinin mühüm mərhələsinin Ulu Öndərin adı və fəaliyyəti ilə bağlı olması həmin dövrlərdə daim xalqın dəstəyini hiss edərək ölkəmizi inamla gələcəyə aparmasını şərtləndirib.
Belə ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövr ərzində daim dövlətin tərəqqisi üçün çalışmış, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyini düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır.
1990-cı illərin əvvəlində, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz gərgin və çətin dövrünü yaşadı.
Bir tərəfdən Ermənistanın təcavüzü, digər tərəfdən həyata keçirilən yanlış siyasət nəticəsində Azərbaycan uçuruma doğru sürüklənirdi.