Azərbaycan xarici borcu istənilən an “sıfırlaya” bilər

30.10.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Bu rəqəm ümumi daxili məhsulun cəmi 5 faizini təşkil edir

Xarici dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbətinin cəmi  5,6 faiz təşkil etməsi, strateji valyuta ehtiyatlarının isə borcu, təxminən, 20 dəfə üstələməsi ölkənin iqtisadi dayanıqlılığını və maliyyə suverenliyini gücləndirir. Müasir dünyada iqtisadi gücün və dövlətlərin beynəlxalq mövqeyinin müəyyənləşdirilməsində ÜDM-in həcmi, sənaye istehsalının səviyyəsi və ixrac imkanları ilə bərabər, həm də maliyyə müstəqilliyi, dövlət borcunun idarə olunması və strateji ehtiyatların miqyası mühüm rol oynayır. 

Beynəlxalq münasibətlərdə gərginliyin artdığı, hərbi münaqişələrin genişləndiyi, qlobal ticarət əlaqələrinin müxtəlif məhdudiyyətlərlə üzləşdiyi bir şəraitdə maliyyə dayanıqlılığı ölkələrin iqtisadi təhlükəsizliyinin əsas şərtlərindən biridir. Belə bir şəraitdə xarici maliyyə mənbələrindən asılılığın azaldılması, dövlətin borc öhdəliklərinin nəzarətdə saxlanılması və milli iqtisadiyyatın xarici təsirlərə qarşı müqavimətinin gücləndirilməsi strateji əhəmiyyət daşıyır.

Azərbaycanın son illərdə həyata keçirdiyi iqtisadi siyasət məhz bu hədəflərə xidmət edir. Dövlətin maliyyə resurslarının səmərəli idarə olunması, hüquqi intizamın gücləndirilməsi, xarici borclanma siyasətində ehtiyatlı yanaşmanın qorunması və strateji valyuta ehtiyatlarının artırılması ölkənin iqtisadi suverenliyini möhkəmləndirən əsas amillərdəndir.

Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin hesabatına əsasən, cari il oktyabrın 1-nə Azərbaycanın xarici dövlət borcu 4 milyard 509,5 milyon ABŞ dolları təşkil edib. Bu məbləğ cari il üzrə proqnozlaşdırılan ÜDM-in cəmi 5,6 faizinə çatıb. İlin əvvəli ilə müqayisədə xarici dövlət borcunun 304 milyon dollar azalması isə ölkənin borc yükünün ardıcıl şəkildə aşağı salınması istiqamətində həyata keçirilən siyasətin nəticəsi kimi diqqət çəkib.  

Digər mühüm göstərici isə Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi ilə bağlıdır. Oktyabrın 1-nə ölkənin strateji valyuta ehtiyatlarının 89,4 milyard dollara yüksəlməsi bunun bariz ifadəsidir. Beləliklə, ehtiyatların xarici dövlət borcunu, təxminən, 19,8 dəfə üstələməsi respublikanın  güclü maliyyə imkanlarını və xarici öhdəliklərini qarşılamaq qabiliyyətini nümayiş etdirir.

Bu rəqəmlər, ilk növbədə, onu göstərir ki, Azərbaycan dövlət borcunun idarə olunmasında cari öhdəliklərin yerinə yetirilməsi ilə bərabər, həm də uzunmüddətli maliyyə təhlükəsizliyinin gerçəkləşdirilməsinə üstünlük verir. Eyni zamanda, borc göstəricilərinin aşağı səviyyədə saxlanılması ölkənin gələcək inkişafı üçün əlavə maliyyə imkanları yaradır.

                     İqtisadi sabitliyin mühüm göstəricisi  

Beynəlxalq təcrübədə bir çox inkişaf etmiş ölkələrdə iqtisadi artımı sürətləndirmək, iri infrastruktur layihələrini maliyyələşdirmək və böhran dövrlərində iqtisadi fəallığı qorumaq üçün borc resurslarından geniş istifadə olunur. Burada əsas məsələ borcun mütləq məbləğindən daha çox onun ÜDM-ə   nisbəti, xidmət xərcləri, valyuta strukturu, qaytarılma müddətləri və cəlb edilən vəsaitlərin hansı məqsədlərə yönəldilməsi ilə müəyyənləşdirilir.  

Əgər borc hesabına yaradılan iqtisadi dəyər gələcəkdə həmin borcun qaytarılmasına imkan verirsə, bu, inkişafı dəstəkləyən maliyyə vasitəsi kimi dəyərləndirilir. Əksinə, borclanma iqtisadi məhsuldarlığı artırmadan davamlı şəkildə genişlənirsə büdcə üçün əlavə yük yaradır və dövlətin maliyyə müstəqilliyini məhdudlaşdırır.  

Azərbaycanın yanaşması isə dövlət borcunun məqbul səviyyədə saxlanılmasına, xarici maliyyə öhdəliklərinin azaldılmasına və mövcud resurslardan daha səmərəli istifadə edilməsinə  əsaslanır. Xarici dövlət borcunun cari il üzrə proqnozlaşdırılan ÜDM-in 5,6 faizinə bərabər olması isə ölkənin borc yükünün nisbətən aşağı səviyyədə saxlanıldığını göstərir.

İlin əvvəlindən oktyabrın 1-dək xarici dövlət borcunun 304  milyon dollar azalması da mühüm önəm daşıyır. Bu dəyişiklik borc portfelinin idarə edilməsində ödəniş intizamının və maliyyə öhdəliklərinin mərhələli şəkildə yerinə yetirilməsinin əhəmiyyətini göstərir.  

Xarici borcun azaldılması dövlətin gələcək büdcə imkanlarına da müsbət təsir göstərir. Belə ki, borc öhdəlikləri azaldıqca qarşıdakı dövrlərdə  əsas borcun qaytarılmasına və faizlərin ödənilməsinə yönəldilən vəsaitlərə qənaət imkanı  genişlənir. Bu isə sosial müdafiə, təhsil, səhiyyə, infrastruktur, müdafiə qabiliyyətinin gücləndirilməsi və iqtisadiyyatın şaxələndirilməsi kimi prioritet istiqamətlərə daha çox vəsait ayırmağa əlverişli şərait yaradır. 

                            766,9 milyon dollarlıq ödəniş  

2026-cı ilin ötən 9 ayında dövlət büdcəsi hesabına xarici borclar üzrə 766,9 milyon dollar əsas borc, 285,7 milyon dollar isə faiz ödənişlərinin həyata keçirilməsi, beləliklə, əsas borc və faizlər üzrə ödənişlərin ümumi məbləğinin 1 milyard 52,6 milyon dollar təşkil etməsi ölkənin  xarici borc öhdəliklərinin icrası baxımından  mühüm mənzərə yaradır. Bu rəqəmlər dövlətin xarici öhdəliklərinin yerinə yetirilməsinə ciddi maliyyə vəsaitləri yönəltdiyini göstərir. 

Əsas borcun qaytarılması birbaşa borc yükünün azalmasını şərtlədirdiyi halda, faiz ödənişləri mövcud öhdəliklərin maliyyə dəyərini əks etdirir. Hər iki istiqamətdə ödənişlərin vaxtında həyata keçirilməsi isə dövlətin beynəlxalq maliyyə öhdəliklərinə məsuliyyətlə yanaşmasının mühüm göstəricisidir. Burada diqqət yetirilməli məqamlardan biri də borc ödənişlərinin dövlət büdcəsi hesabına reallaşdırılmasıdır. Bu, öhdəliklərin yerinə yetirilməsi üçün əvvəlcədən planlaşdırılmış maliyyə resurslarının ayrılmasını və büdcə icrasında intizamın qorunmasını tələb edir.

Eyni zamanda, borc ödənişlərinin həcmi qiymətləndirilərkən onların dövlət büdcəsinin ümumi gəlirləri, xərcləri və ilkin büdcə saldosu ilə müqayisəsi də zəruridir. Çünki maliyyə dayanıqlılığı təkcə borcun azalması ilə deyil, ödənişlərin büdcənin digər mühüm istiqamətlərinin maliyyələşdirilməsinə yaratdığı təsirlə də ölçülür.

Azərbaycanın xarici borcunun aşağı səviyyədə saxlanılması və öhdəliklərin qrafik üzrə icrası dövlətə gələcək maliyyə planlaşdırmasında daha geniş imkanlar verir. Bu siyasətin davam etdirilməsi xüsusilə beynəlxalq maliyyə bazarlarında qeyri-müəyyənliyin artdığı bir dövrdə mühüm əhəmiyyət daşıyır.

                     Strateji ehtiyatlar  və maliyyə təhlükəsizliyi 

Azərbaycanın maliyyə imkanlarını səciyyələndirən ən mühüm göstəricilərdən biri strateji valyuta ehtiyatlarının həcmidir. Oktyabrın 1-nə bu ehtiyatların 89,4 milyard dollara çatması ölkənin xarici maliyyə öhdəliklərini qarşılamaq və gözlənilməz iqtisadi çətinliklərə qarşı müqavimət göstərmək imkanlarını gücləndirir.

Strateji valyuta ehtiyatları dövlətin iqtisadi təhlükəsizliyinin təmin olunmasında bir neçə mühüm funksiyanı yerinə yetirir. İlk növbədə, onlar xarici ticarət və maliyyə əməliyyatlarının sabitliyinin qorunmasına, zəruri idxalın maliyyələşdirilməsinə və beynəlxalq ödənişlər üzrə öhdəliklərin icrasına dəstək verir. Digər tərəfdən, ehtiyatların yüksək səviyyədə olması qlobal bazarlarda baş verən mənfi dəyişikliklərin milli iqtisadiyyata təsirini yumşaltmağa imkan yaradır.

Azərbaycan kimi enerji ixracatçısı olan ölkələr üçün bu ehtiyatların strateji əhəmiyyəti daha böyükdür. Çünki dünya bazarlarında neft və təbii qazın qiymətlərindəki dəyişikliklər ixrac gəlirlərinə, dövlət büdcəsinin imkanlarına və iqtisadi fəallığa təsir göstərir. Belə şəraitdə əvvəlki illərdə formalaşdırılan maliyyə ehtiyatları gəlirlərin azaldığı dövrlərdə dövlət xərclərinin daha sabit şəkildə maliyyələşdirilməsi üçün mühüm dayaq rolunu oynayır.

Azərbaycanın strateji ehtiyatlarının xarici dövlət borcunu, təxminən, 19,8 dəfə üstələməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Başqa sözlə, ölkənin strateji ehtiyatlarının həcmi xarici dövlət borcunun məbləğindən, təxminən, 20 dəfə çoxdur. Bu nisbət dövlətin xarici öhdəliklərini qarşılamaq üçün əhəmiyyətli maliyyə imkanlarına malik olduğunu göstərir.

Bununla belə, ehtiyatların borcu üstələməsi həmin vəsaitlərin hamısının dərhal dövlət büdcəsinə yönəldilə və ya heç bir əlavə iqtisadi nəticə doğurmadan istifadə edilə biləcəyi anlamına gəlmir. Strateji ehtiyatların müəyyən hissəsi müxtəlif hüquqi  mexanizmlər çərçivəsində idarə olunur və onların likvidliyi, gəlirliliyi, risk səviyyəsi nəzərə alınır. 

Ehtiyatların əsas üstünlüyü onların cari öhdəlikləri qarşılamaqla bərabər, həm də ölkənin uzunmüddətli maliyyə sabitliyini qorumaq üçün mövcud olması ilə dəyərləndirilir. Bu səbəbdən strateji valyuta ehtiyatlarının idarə olunmasında əsas məqsəd onların həcmini artırmaqla yanaşı, real dəyərini qorumaq, gəlirliliyini təmin etmək və gələcək nəsillər üçün dayanıqlı maliyyə bazası formalaşdırmaqdır.

Dövlət borcunun ÜDM-ə nisbətinin aşağı olması iqtisadi siyasətin həyata keçirilməsində hökumətə əlavə çeviklik qazandırır. Bu, xüsusilə iqtisadi artımın zəiflədiyi, ixrac gəlirlərinin azaldığı və ya gözlənilməz maliyyə ehtiyaclarının yarandığı dövrlərdə özünü daha qabarıq büruzə verir.  

Xarici borc yükü  yüksək olan ölkələrdə belə vəziyyətlərdə bir sıra çətinliklər üzə çıxır. Borcun və faiz ödənişlərinin büdcədə böyük pay tutması hökumətin sosial və investisiya xərclərini artırmaq imkanlarını məhdudlaşdırır. Bundan başqa, xarici maliyyələşməyə yüksək ehtiyac həmin ölkələri beynəlxalq kredit bazarlarında faiz dərəcələrinin dəyişməsinə, investorların risk qiymətləndirmələrinə və valyuta məzənnələrindəki dalğalanmalara daha həssas edir.

Azərbaycanda xarici dövlət borcunun nisbətən aşağı səviyyədə saxlanılması isə bu risklərin idarə olunmasına əlverişli zəmin yaradır. Dövlətin maliyyə öhdəliklərinin məhdud olması büdcə resurslarının daha çevik bölüşdürülməsinə  və prioritet layihələrin maliyyələşdirilməsinə imkan verir.

Maliyyə müstəqilliyinin digər mühüm üstünlüyü dövlətin iqtisadi qərarları qəbul edərkən xarici kreditorların şərtlərindən asılılığının azalmasıdır. Təbii ki, beynəlxalq maliyyə əməkdaşlığı və xarici investisiyaların cəlb edilməsi hər bir müasir iqtisadiyyat üçün əhəmiyyətlidir. Lakin bu əməkdaşlığın sağlam əsaslar üzərində qurulması, ölkənin inkişaf gündəliyinin milli maraqlara və uzunmüddətli strategiyaya uyğun müəyyənləşdirilməsi də vacibdir.

Bu mənada Azərbaycanın borc siyasəti ilə strateji ehtiyatlarının idarə olunması bir-birini tamamlayan iki istiqamət kimi çıxış edir. Bir tərəfdən, dövlət xarici öhdəliklərini azaldır, digər tərəfdən isə maliyyə ehtiyatlarını qoruyub artırmaqla mümkün risklərə qarşı müdafiə imkanlarını genişləndirir.

Vaqif BAYRAMOV

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью