Azərbaycan yol mühəndisliyinin Avropadakı imzası “Azvirt”

31.10.2026

Icma.az, Marja.az portalına istinadən məlumat yayır.

Azərbaycanın tanınmış yol-tikinti şirkəti “Azvirt” MMC-nin Balkanlarda nüfuzu artmaqdadır. Şirkət daha bir uğura imza atıb. Belə ki, “Azvirt”in Bosniya və Herseqovinadan olan konsorsium tərəfdaşı Hering şirkəti ilə birgə inşa etdiyi Avropanın mühüm Vc nəqliyyat dəhlizinin tərkib hissəsi olan “Zenitsa Şimal–Qolubinya” avtomobil yolunun 20 kilometrlik hissəsinin açılışı baş tutub.

“Azvirt” bu yolun 5.3 km-lik texniki cəhətdən ən çətin “Vranduk-Ponirak” hissəinin tikintisində iştirak edib. Belə ki, qısa marşurut olmasına baxmayaraq, bu hissə 2 körpü, bir tunel, 3 böyük və hündür viyadükləri (ən hündürü 112 metr) əhatə edir. Magistral yol isə əsasən dik yamaclarda, kəsikdə yerləşir, buna görə də xeyli sayda hündür istinad divarları layihələndirilib.

Qeyd edək ki, açılış mərasimində Bosniya və Herseqovina Federasiyasının Baş naziri Nermin Niksiç, Federasiyanın nəqliyyat və kommunikasiya naziri Andrijana Katiç, Federasiyasının “Avtomobil Yolları” İctimai Müəssisəsinin direktoru Denis Lasiç, Avropa İttifaqının Bosniya və Herseqovinadakı nümayəndəliyinin rəhbəri Luici Soreca, Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev, “Azvirt” şirkətinin baş direktoru Kamil Əliyev və digər şəxslər iştirak ediblər.

Mərasimdə çıxışları zamanı baş nazir Nermin Niksiş və digər rəsmilər   tərəfdaşlara və podratçılara təşəkkür edərək, bu uğurun real nəticələrlə müşayiət olunacağına ümidvar olduğunu bildiriblər.

Xatırladaq ki, “Azvirt” şirkəti 2024-cü ilin sonunda da Bosniya və Hersoqovinada Çindən olan konsorsium tərədaşları ilə birlikdə mühim bir layihəni – bölgənin möhtəşəm mühəndislik qurğusu - 100 metrə yaxın viadüklər üzərində olan 945 metr uzunluqda Poçitel körpüsünü təhvil vermişdi. Bundan başqa, şirkət bu günə qədər Serbiya, Ukrayna və Qırğızıstanda da bir sıra mühim layihələri tamamlayıb. Bəzilərinin inşası isə hazırda da uğurla davam etdirilir.

Şirkətin baş direktoru Kamil Əliyev əldə edilən nailiyyətlərdə Azərbaycan dövlətinin və prezident İlham Əliyevin daim qayğısını hiss etdiklərini vurğulayıb:
“Fürsətdən istifadə edərək, bu dəstəyə görə ölkə rəhbərliyimizə təşəkkür edirik. Bu dəstək hesabına Azərbaycanın mühəndislik potensialını və mütəxəssislərimizin peşəkarlığını nümayiş etdirmək imkanı əldə etmişik. Ona görə də icra etdiyimiz hər bir layihədə keyfiyyətli iş görməklə, etimad və məsuliyyəti layiqincə yerinə yetirməyə çalışırıq”.

Onu da qeyd edək ki, “Azvirt” ölkə daxilində də mühim layihələrə imza atıb. Son 5-6 il ərzində şirkət Qarabağda Füzuli, Zəngilan, Laçın Beynəlxalq Hava Limanlarının uçuş-enmə zolağı, perron, sükan yolları, eləcə də “Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd”, “Əhmədbəyli-Füzuli-Şuşa”, “Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolu”nun bir hissəsi, “Füzuli-Hadrut” yolunun tikintisini tamamlayıb. Hazırda “Azvirt” çətin relyefdə “Kəlbəcər-Laçın” avtomobil yolu, Ələt Kargo Terminalı, Zəngəzur (TRİPP) dəmir yol dəhlizi və Bakı Metropolitenin "28 May" stansiyasında "Yaşıl" və "Qırmızı" xətlərin ayrılması layihəsində fəaliyyətini davam etdirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью