Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanın kosmik xidmətlərinin ixracından əldə olunan gəlir 2026-cı ilin ilk səkkiz ayında 17,4 milyon dollar təşkil edib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, Çinin paytaxtı Pekində Asiya-Sakit Okean Kosmik Əməkdaşlıq Təşkilatının (APSCO) IV İnkişaf Forumu çərçivəsində keçirilən yüksək səviyyəli dəyirmi masada çıxış edib. ShopByBro
Deputat çıxışı zamanı Azərbaycanda kosmik sənayenin inkişafı, bu sahədə beynəlxalq əməkdaşlıq əlaqələri və dövlət-özəl tərəfdaşlığı imkanları barədə məlumat verib. Həmçinin ölkəmizin son illərdə rəqəmsal inkişaf istiqamətində həyata keçirdiyi tədbirlər, əldə olunan nailiyyətlər və kosmik sahədə qanunvericiliyin gücləndirilməsi istiqamətində görülən işlər diqqətə çatdırılıb.
V.Bayramov qeyd edib ki, “Kosmos sülh üçün” prinsipinə uyğun olaraq Azərbaycan kosmik xidmətləri vasitəsilə regionda sülhün möhkəmlənməsinə töhfə verir. Onun sözlərinə görə, kosmik xidmətlər dayanıqlı iqtisadi inkişafın mühüm amillərindən birinə çevrilir.
Deputat Azərbaycanın kosmik xidmətlərinin ixrac göstəricilərinə də toxunub. Bildirib ki, “Azərkosmos” “Azerspace-1” və “Azerspace-2” telekommunikasiya peykləri vasitəsilə Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiyada yerləşən 50-yə yaxın ölkədən 200-ə yaxın müştəriyə xidmət göstərir.
2026-cı ilin yanvar-avqust aylarında dünyanın 36 ölkəsindən olan 95-ə yaxın şirkətə 17,4 milyon dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. Həmin dövrdə ümumi gəlirlərin 61 faizi ixrac əməliyyatlarının payına düşüb.
Peyk telekommunikasiya xidmətlərinin ixracında ilk beşlikdə Birləşmiş Krallıq (2,8 milyon dollar), Lüksemburq (2,1 milyon dollar), Türkiyə (874,7 min dollar), Pakistan (776,5 min dollar) və Tanzaniya (437,2 min dollar) qərarlaşıb.
V.Bayramov əlavə edib ki, forum iştirakçılarının kosmik sahədə dövlət siyasəti və dövlət-özəl tərəfdaşlığı ilə bağlı suallarını da cavablandırıb.
Qeyd edək ki, “Kosmosun imkan verdiyi gələcək: Dayanıqlı və inklüziv Asiya-Sakit okean regionunun formalaşdırılması” mövzusuna həsr olunan forumda dünyanın 30-dan çox ölkəsindən 300-dən artıq nümayəndə iştirak edir.