Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
Azərbaycanda gündəlik istifadə etdiyimiz məhsulların mühüm hissəsi xarici ölkələrdən gətirilir.
Ərzaq, dərman, geyim, məişət texnikası, elektronika, avtomobil və müxtəlif sənaye məhsulları ölkənin idxalında əsas istiqamətlər sırasında yer alır.
“Cebheinfo.az” xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 30 milyard dolları keçib. Bu müddətdə Azərbaycan 160 ölkədən məhsul idxal edib.
Gömrük Komitəsinin 2026-cı ilin yanvar ayı üzrə məlumatları idxalın strukturunda maşın, mexanizm və elektrik avadanlıqlarının xüsusi çəkisinin yüksək olduğunu göstərir.
Həmin ay bu kateqoriya üzrə idxal 306,3 milyon dollar, nəqliyyat vasitələri və onların hissələri üzrə isə 204,2 milyon dollar təşkil edib.
Qara metallar və onlardan hazırlanan məmulatların idxalı 98,7 milyon dollar, əczaçılıq məhsullarının idxalı 47,3 milyon dollar olub.
Ərzaq məhsulları da idxalın mühüm hissəsini təşkil edir. 2026-cı ilin yanvarında ölkəyə 129,9 min ton buğda, 37,9 min ton tərəvəz və meyvə, 9,9 min ton bitki və heyvan mənşəli yağ, 3,3 min ton ət gətirilib. Həmin ay ərzaq məhsullarının ümumi idxal dəyəri 202,4 milyon dollar olub.
Digər tərəfdən, ölkədə bəzi məhsullar üzrə yerli istehsal da genişlənir. 2026-cı ilin yanvar-avqust aylarında emal sənayesində istehsal real ifadədə 3,4 faiz artıb.
Bu dövrdə qida məhsullarının istehsalı 7,9 faiz, toxuculuq sənayesi 28,8 faiz, əczaçılıq məhsullarının istehsalı 48,4 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 89,3 faiz artıb.
Bununla yanaşı, istehlak bazarında xarici məhsulların çəkisi kifayət qədər böyük olaraq qalır.
2026-cı ilin yanvar-avqust aylarında əhali pərakəndə ticarət şəbəkəsində 44,3 milyard manatlıq məhsul alıb. Bunun 5,6 milyard manatı geyim və ayaqqabılara, 2,2 milyard manatı elektrik malları və mebelə, 1,2 milyard manatı isə əczaçılıq məhsulları və tibbi ləvazimatlara sərf edilib.
Beləliklə, idxal statistikasına baxdıqda görünür ki, Azərbaycanın xaricdən aldığı məhsullar yalnız gündəlik istehlak malları ilə məhdudlaşmır.
Maşın və avadanlıqlar, nəqliyyat vasitələri, ərzaq, dərman, geyim və müxtəlif xammal məhsulları idxalın əsas istiqamətlərindəndir.
Aişə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin