Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Azərbaycan cəmiyyətində Qarabağdakı tarixi Zəfərdən və ərazi bütövlüyümüzün tam bərpa edilməsindən sonra həm müstəqillik dövründə keçdiyimiz çətin və məsuliyyətli inkişaf yolunun tarixi dərslərini ümumiləşdirmək və həm də yeni tarixi dövrün ümummilli vəzifəsini müəyyən etmək dövlət əhəmiyyətli bir məsələ kimi gündəmə gəlmişdir. Bu, ölkəmizdə uzaq və yaxın keçmişin tarixi dərslərindən düzgün nəticə çıxararaq daha işıqlı sabahlara doğru inamla addımlamaq və eyni zamanda, harnsı hədəflərə doğru və necə getməli olduğumuzun strategiyasını qurmaq baxımından həlli zəruri olan aktual bir problemdir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 5 yanvar 2026-cı il tarixdə ölkəmizin yerli televiziya kanallarına verdiyi müsahibə zamanı yeni tarixi dövrün ümummilli vəzifəsini müəyyən etməyi müasir dövrün ən aktual məsələlərindən biri kimi irəli sürmüşdür. Deməli, ümummilli ideyanın formalaşdırılması müstəqil dövlətçiliyimizin yeni tarixi dövrünün inkişaf strategiyasının müəyyənləşdirilməsinin əsasını təşkil edir. Bu məsələ ətrafında aparılan müzakirələrdə, elmi-nəzəri təhlillərdə və nəzərə çarpdırılan təkliflərdə bir-birinə yaxın olan müxtəlif formullar, versiyalar, təkliflər nəzərə çarpdırılsa da, irəli sürülən formatların hamısında “Daha güclü Azərbaycan” anlayışı önə çıxmışdır. “Daha güclü Azərbaycan”, yaxud “Güclü Azərbaycan” isə bu vaxta qədərki möhkəm dayaqlar üzərində ucaldılan yeni Azərbaycanın qurulması ideyasını özündə əks etdirir. Bu isə öz növbəsində “Daha güclü Azərbaycan” anlayışının nüvəsini tapmağı, hərəkətverici qüvvəsini müəyyən etməyi tələb edir. Fikrimizcə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 oktyabr 2026-cı il tarixdə Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı tarixi nitqində irəli sürdüyü ölkəmizdəki bütün xalqları və etnik qrupları özündə birləşdirən azərbaycançılıq ideologiyasını dünya ictimaiyyətinin diqqət mərkəzinə çəkməsi həm qlobal mənada müstəqil dövlətlərin inkişafının mahiyyətinin aydınlaşdırılmasına, həm də Azərbaycanın müasir inkişaf modelinin dünya ictimaiyyətinə çatdırılmasına xidmət göstərir. Xüsusən, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun “Parçalanmış dünyada ortaq gələcək naminə dialoq” mövzusuna həsr olunması dünyada siyasi-mənəvi parçalanmanın qarşısının alınmasını, aradan qaldırılması yollarının üzə çıxarılmasını tələb etdiyinə görə Prezident İlham Əliyevin hər bir dövlət üçün irəli sürdüyü vahid milli ideya ətrafında birləşmək formulu həm qlobal, həm də ümummilli əhəmiyyətə malik olan əsas format funksiyasını ifadə edir. Azərbaycan Prezidentinin nitqində ölkəmiz üçün vahid milli ideya olaraq ön mövqeyə çıxardığı azərbaycançılıq təlimi ilk növbədə müstəqil dövlətimizin ideya əsasını təşkil edən mükəmməl ideoloji sistem, geniş mənada isə hər bir ölkə üçün qəbul edilməli olan dövlətçilik modeli kimi təqdim olunmuşdur. Dövlət başçısı səviyyəsində Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirakçılarının nəzərinə çatdırılmışdır ki, ümummilli ideya və ya vahid dövlətçilik ideologiyası ətrafında birliyin və həmrəyliyin təmin edilməsi güclü dövlət qurmağın, ölkədə möhkəm daxili birlik və harmoniya yaratmağın xalqları daha işıqlı gələcəyə aparmağın Azərbaycanın təcrübəsində sınaqlardan çıxmış siyasi düsturudur. Beynəlxalq aləmdə siyasi-irqi-mədəni ayrıseçkilərin dərin qarşıdurmalara, hətta hərbi münaqişələrə gətirib çıxardığı bir zamanda ölkələrin və xalqların vahid dövlətçilik ideologiyası ətrafında birləşmək təliminin Prezident İlham Əliyev tərəfindən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda təmsil olunan yüzdən çox ölkənin 541 iştirakçısının diqqətinə çatdırılması geniş mənada parçalanmaqda davam edən dünyada Birliyə və Həmrəyliyə çağırışın əməli ifadəsidir. Çünki, Azərbaycançılıq ideologiyası anlayışının mahiyyət etibarilə ölkə daxilindəki bütün etnik qrupları, azsaylı xalqları, dinlərarası və mədəniyyətlərarası münasibətləri əks etdirməsi bu dövlətçilik prinsiplərinin Birlik, Bərabərlik və Həmrəylik kimi zəruri amillərin sinoniminə çevrilməsini şərtləndirir. Bu baxımdan Prezident İlham Əliyevin müstəqil dövlətimizin milli ideologiyası olan azərbaycançılığın ölkəmizdəki təcrübəsi haqqında səsləndirdiyi aşağıdakı fikirlər sadəcə Azərbaycanın nailiyyətlərini təbliğ etməkdən çox, sınaqlardan çıxmış vahid ideologiya ətrafında birləşmək təliminin mahiyyətinin açıqlanmasına və əhəmiyyətinin əməli şərhinə işıq salır: “Azərbaycanın uğurlu və sabit inkişafının təməlində dayanan əsas səbəblərdən biri cəmiyyətimizdəki ahəngdarlıqdır. Bütün etnik qrupların, dinlərin nümayəndələrinin Konstitusiyamıza uyğun olaraq nəinki bərabər hüquqları var, onlar həmçinin bir ailə kimi yaşayırlar. Biz həmrəylik, qarşılıqlı hörmət və anlaşmanın ən yüksək səviyyəsini həqiqətən hiss edirik. Hamımız milli ideya ətrafında birləşirik. Onlardan biri Azərbaycançılıqdır. O, Azərbaycandakı bütün xalqları bir araya gətirir”.
Bu, parçalanmış dünyada Birlik və Həmrəyliyə çağırışın İlham Əliyev tezisləridir.
Bu, - dünyanı parçalanmaqdan xilas etməyin Azərbaycan təcrübəsidir.
Bu, - Azərbaycançılıq ideologiyası anlayışının mahiyyətindəki vahid ideal ətrafında birləşmək ideyasının dövlət səviyyəsində bəyan olunmuş təqdimatıdır.
Bu, - çoxmillətli mədəniyyətlərdə dialoqun və harmoniyanın həyata keçirilməsinin Azərbaycan modelidir.
Bu, - əsası Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil dövlətçilik təliminin – Azərbaycançılıq ideologiyasının yeni tarixi şəraitdəki missiyasını, reallıqlarını və inkişafını ifadə edən İlham Əliyev prinsipləridir.
==
Məlum olduğu kimi, görkəmli dövlət xadimi Heydər Əliyev siyasi hakimiyyətinin Sovetlər İttifaqı dövrünü əhatə edən birinci mərhələsində Sovet Azərbaycanının rəhbəri kimi ölkənin sabit və dinamik inkişafını təmin etmək üçün millətlərarası münasibətlərin tənzimlənməsini zəruri faktorlardan biri hesab etmiş və bu prinsipi başçılıq etdiyi respublikada həyata keçirməklə Həmrəyliyin və Ədalətin zəfər çaldığı mükəmməl bir cəmiyyət qurmağın nümunəsini göstərmişdir. Dünyanın siyasət nəhəngləri Heydər Əliyevin bu istiqamətdəki düşünülmüş və məqsədyönlü fəaliyyətini millətlərarası münasibətlərin tənzimlənməsi üzrə ali səviyyəli qrossmeysterlik kimi qiymətləndirmişlər. Bu dəyərləndirmədə ilk növbədə görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərlik etdiyi çoxmillətli etnik tərkibə malik olan Azərbaycan Sovet Respublikasında millətlərarası münasibətlərin tənzimlənməsi istiqamətində atılmış addımların yaratdığı müsbət nəticələr əsas amilə çevrilmişdir. Eyni zamanda, Ulu Öndərin Avropanın sosialist ölkələrində, SSRİ-nin tərkib hissəsi olan müttəfiq respublikalarda millətlərarası münasibətlər zəminində baş vermiş münaqişələrin aradan qaldırılması üçün gündəmə gətirdiyi siyasi proqnozlar və atdığı addımlar da dünya analitiklərinin təhlilləri üçün əsas olmuşdur. Məlum olduğu kimi, Sovetlər İttifaqı adlandırılmasına baxmayaraq, dəmir barmaqlıqlar arasında fəaliyyət göstərən bir dövlətdə SSRİ Nazirlər Soveti Sədrinin Birinci Müavini, Siyasi Büronun üzvü miqyasında təmsil olunan Heydər Əliyev Avropa sosialist blokuna daxil olan Çexoslovakiyada və Macarıstanda, müttəfiq respublikalardan Qazaxıstanda və Özbəkistanda millətlərarası münasibətlər zəminində baş verə biləcək münaqişələrin proqnozlaşdırılmasında böyük uzaqgörənlik nümayiş etdirmiş, atdığı qətiyyətli və düşünülmüş addımlarla İttifaq dövlətini xilas etmişdir.
Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə Heydər Əliyev SSRİ-nin beynəlmiləlçilik ideologiyasının yaratdığı görünən və görünməyən qadağalara və məhdudiyyətlərə baxmayaraq, Kreml hakimiyyətini şübhələndirmədən respublikamızda azərbaycançılıq sahəsində mühüm addımlar atmışdır. Uzaqgörən dahi şəxsiyyətin sovet vətənpərvərliyi adı ilə elm, ədəbiyyat, mədəniyyət sahəsində həyata keçirdiyi genişmiqyaslı tədbirlər xalqımızın milli-mənəvi təkamülündə mühüm rol oynamışdır. Bu mənada Heydər Əliyevin 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsinə nail olması dövrünə görə əsl liderlik hadisəsidir. Azərbaycanda və İttifaq miqyasında Azərbaycanın görkəmli şair və yazıçılarının yubileylərinin keçirilməsi, elm, ədəbiyyat və incəsənət üzrə Dövlət mükafatlarının təsis edilməsi, çoxsaylı muzeylərin, regional teatrların, kitabxanaların açılması kimi hadisələr respublikada azərbaycançı bir siyasi-ideoloji mühitin formalaşdırılmasına şərait yaratmışdır. Azərbaycan Respublikası rəhbəri ölkəmizin azərbaycançılıq uğrunda mübarizə aparan elm, ədəbiyyat və mədəniyyət xadimlərinin “millətçi” damğası vurularaq ictimai-mədəni mühitdən uzalqlaşdırılmasına yol verməmişdir. Akademik Ziya Bünyadov, müxbir üzvlər Abbas Zamanov, Xudu Məmmədov, xalq şairləri Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk və başqaları görkəmli dövlət xadimi Heydər Əliyevin simasında özlərinin əsil xilaskarını tapmış, fəaliyyətlərini davam etdirmək imkanı qazanmışlar. Bütün bunlara görə, Sovet Azərbaycanında ümummilli ideyaların və ya milli ideologiyanın, azərbaycançılıq məfkurəsinin aşılanması baxımından keçmiş müttəfiq respublikalarından fərqli bir siyasət həyata keçirilmişdir. Məhz məsələnin bu cəhəti ölkəmiz dövlət müstəqilliyi qazandıqda SSRİ-dən qopmuş müstəqil dövlətlər hələ özlərinə yeni dövlətçilik ideologiyası formatı axtarışında olarkən Azərbaycan Respublikasının azərbaycançılığı dərhal ümummilli ideologiya kimi qəbul etməsində öz əksini tapmışdır. Bu cəhətdən müstəqil Azərbaycan Respublikası dövlət müstəqilliyi qazanmış digər gənc dövlətləri qabaqlamışdır.
Bundan başqa, Dünya Azərbaycanlıları anlayışının meydana çıxması da Heydər Əliyevin adı ilə bağlı olan mühüm azərbaycançılıq hadisəsidir. Uzaqgörən dövlət rəhbəri hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olaraq fəaliyyət göstərdiyi dövrdə – 16 dekabr 1991-ci ildə «Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü haqqında» tarixi bir Sərəncama imza atmışdır. Dünya Azərbaycanlılarının Birinci Qurultayının çağırılması və keçirilməsi də, Dünya Azərbaycanlıları ilə əlaqə üzrə Dövlət Komitəsinin yaradılması da görkəmli dövlət xadimi Heydər Əliyevin adı və fəaliyyəti ilə əlaqədardır. Dövlət dilimizin geniş müzakirələrdən sonra ölkə reallığını ifadə edərək Azərbaycan dili adlandırılması da Heydər Əliyevin mühüm tarixi xidmətlərindən biridir.
Heydər Əliyev 17 noyabr 1990-cı il tarixdə, yəni hələ SSRİ dağılmamış Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin iclasında muxtar respublikanın adından «sovet sosialist» sözlərini çıxartmağa nail ola bilmişdir. Bundan başqa, həmin tarixi iclasda Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının yenicə qurulmuş gənc respublikanın bayrağı kimi qəbul etdirməyə nail olması da Heydər Əliyevin azərbaycançılıq idealına xidmət baxımından əfsanələri reallığa çevirmək məharətinin əyani sübutudur.
Göründüyü kimi, Heydər Əliyev azərbaycançılığı ölkəmizdə sovet vətənpərvərliyi ideyasından müstəqil dövlətin ümummilli ideologiyası miqyasına çıxarmış görkəmli dövlət xadimidir.
==
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin azərbaycançılıq təliminin əsasında da Ulu Öndər Heydər Əliyevin çətin şəraitdə sovet hakimiyyəti illərindən formalaşdırdığı millətlərarası münasibətlərin tənzimlənməsi və sovet vətənpərvərliyi adı ilə həyata keçirdiyi ümummilli siyasət dayanır. Bununla belə, hər hansı siyasi təlim kimi, azərbaycançılıq ideyası da XX əsrdə dünyada və ölkədə baş verən ictimai-siyasi hadisələr və proseslər əsasında dəyişmiş və yeniləşmişdir. Məsələn, keçmiş SSRİ məkanında ateizmin dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil etdiyi dövrdə dini dözümlükdən danışmaq mümkün olan iş deyildi. Həmçinin SSRİ-nin vahid sovet xalqı ideyası ilə xalqları əridib sıradan çıxarmaq siyasəti yürütdüyü bir şəraitdə azsaylı xalqlar anlayışını gündəmə gətirmək ağlasığmaz bir gediş hesab oluna və respublikaya mənfi münasibət doğura bilərdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müstəqil dövlətçiliyin yaratdığı yeni imkanları dəyərləndirərək, ölkəmizin tarixində ilk dəfə olaraq multikulturalizm və tolerantlığı dövlət siyasəti səviyyəsinə qaldırmışdır. Azərbaycan Respublikası multikulturalizm və tolerantlıq baxımından nəinki müstəqillik qazanmış yeni dövlətlər, hətta Avropada və Asiyada müstəqilliyinin az qala çoxəsrlik tarixi olan qocaman dövlətlər üçün də əsl nümunə olmuşdur. VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Prezident İlham Əliyevin tarixi nitqində də dövlət rəhbərimiz bir daha dönmədən həyata keçirilməkdə olan uğurlu multikulturalizm və tolerantlıq siyasətindən ölkəmizdə yaşayan müxtəlif xalqların və etnik qrupların bərabərhüquqlu vahid ailə kimi yaşamaqlarının əsası kimi bəhs etmişdir: «Əlbəttə, mədəniyyətlərarası və dinlərarası münasibətlərə aid məsələlər gündəliyimizdə birinci yeri tutur… Multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı meyarlar olub və biz onları yüksək dəyərləndiririk. Bütün etnik qurumların, dinlərin nümayəndələrinin Konstitusiyamıza uyğun olaraq, nəinki bərabər hüquqları var, onlar həmçinin bir ailə kimi yaşayırlar… Əgər bizdə – Azərbaycanda yaşayan bütün xalqlar arasında qarşılıqlı hörmət, əhatəliliyin real platforması olmasaydı, biz heç zaman uğur qazana bilməzdik. Çox fərəhlənirik ki, həmin dəyərləri əsrlər boyu qoruyub saxlaya bilmişik».
Prezident İlham Əliyevin müəyyən etdiyi multikulturalizm və tolerantlıq xətti xalqları vahid milli ideya əsasında birləşdirən azərbaycançılıq təliminin üzvü tərkib hissələridir. Hazırda Azərbaycan Respublikasında yaşayan azsaylı xalqların, etnik qrupların birlik və bərabərlik içərisində yaşayıb fəaliyyət göstərməsi vahid ümumi ideala – Azərbaycançılığa sədaqət nümunəsidir. Azərbaycan xalqı üçün ən taleyüklü məsələ olan Qarabağ ərazisinin Ermənistanın işğalından azad edilməsi uğrundakı İkinci Qarabağ müharibəsində köklü azərbaycanlılarla ölkəmizdəki bütün azsaylı xalqların nümayəndələrinin birlikdə döyüşlərdə iştirak etmələri, şəhid olmaları müstəqil Azərbaycan dövlətinin multikulturalizm və tolerantlıq siyasətinin xalqları vahid ümummilli ideal – Azərbaycançılıq ideologiyası ətrafında birləşmək prinsipinə hansı səviyyədə xidmət etdiyini əyani şəkildə təsəvvür etməyə tam əsas verir.
Ərazi bütövlüyü anlayışı da Prezident İlham Əliyev üçün Azərbaycançılıq ideologiyasının ana xətlərindən birini təşkil edir. Məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin Dəmir Yumruğu ilə 2020-ci ildə Qarabağda qazanılan tarixi Zəfər və 2023-cü ildə həyata keçirilən birgünlük uğurlu hərbi əməliyyatın nəticəsində son iki yüz ildə ilk dəfə olaraq Azərbaycanın coğrafi hüdudları daxilində ölkəmiz ərazi bütövlüyünü əldə edə bilmişdir. Beləliklə, İlham Əliyevin Dəmir Yumruğu ilə ölkəmizin bütövlüyü təmin edilmişdir. Azərbaycanın üçrəngli bayrağı ilk dəfə olaraq respublikamızın bütün ərazisində dalğalanmışdır. Nəticədə Azərbaycan Respublikasının müstəqil dövlət kimi toxunulmazlığına və tam suverenliyinə nail olunmuşdur. Ona görə də Prezident İlham Əliyev haqlı olaraq ərazi bütövlüyü və suverenliyini azərbaycançılığın əsl mahiyyətini açıb göstərən ən mühüm amillərdən biri kimi qiymətləndirir. VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda da Prezident İlham Əliyev ərazi bütövlüyü və suverenlik anlayışlarından da müstəqil Azərbaycan dövlətinin ideoloji əsaslarını təşkil edən azərbaycançılığın ana maddələri kimi bəhs etmişdir: «Azərbaycan müstəqilliyini bərpa etdiyi zaman biz öz taleyimizin sahibinə çevrildik. Biz öz taleyimizi özümüz həll etməyə başladıq… və sonra bütün dünyaya nəyə qadir olduğumuzu göstərdik. …Əsas məqsədimiz ərazi bütövlüyümüzün bərpası, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının azad edilməsi olub. …Biz əraziləri işğal altında olan ölkə kimi, ən elementar insan hüquqları daim pozulan xalq kimi əbədi yaşamalı deyildik… Biz özümüzü müdafiə etdik… Biz 30 il Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etdik. Biz ədaləti bərpa etdik. Biz öz ləyaqətimizi və beynəlxalq hüququ bərpa etdik. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan qoşunlarının ərazilərimizdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən, lakin 30 il kağız üzərində qalan qətnamələri təkbaşına həll etdik».
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda möhtərəm cənab Prezidentin nitqində 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi və 2023-cü ildə keçirilmiş antiterror əməliyyatı hadisələri ilə Ermənistanın işğalına son qoyulması böyük qürur hissi ilə xalqımızın və dövlətimizin inkişafında yeni mərhələ açan tarixi dövr kimi qiymətləndirilmişdir. Bu mənada Prezident İlham Əliyevin səsləndirdiyi “Biz beynəlxalq hüququn normalarına uyğun olaraq ərazi bütövlüyü və suverenliyimizi tam bərpa etdik” sözləri Azərbaycan dövlətinin həyatında başlanan yeni ərazi bütövlüyü və suverenlik mərhələsinin elanıdır. Bu, həm də o deməkdir ki, azərbaycançılıq idealı da ərazi bütövlüyü və suverenlik olmadan özünün böyük və geniş mənasını tam ifadə edə bilməz.
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünü xalqımızın təkbaşına mübarizə ilə, ədalətli müharibə ilə həll etdiyini bəyan etməsi azərbaycançılıq üçün zəruri olan milli qürur və milli iftixar hisslərinin də diqqət mərkəzinə çəkilməsi deməkdir. Milli qürur və milli iftixar hissi sosializm cəmiyyəti dövründəki sovet vətənpərvərliyi tərbiyəsinin sosializm ideologiyasının buxovlarından azad edilərək daha da dərinləşdirilmiş və ümummilli ideala xidmətə istiqamətləndirilmiş ifadəsi deməkdir. Azərbaycançılıq xalq üçün ideal ifadə edən anlayış olduğu üçün bu siyasi-ideoloji təlimi milli qürur, vətənpərvərlik hissləri olmadan təsəvvür etmək mümkün deyildir. Bu baxımdan həqiqətən də milli qürur və vətənpərvərlik azərbaycançılıq ideyasının əsas dayaqlarını təşkil edir. Bura Prezident İlham Əliyevin Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda bir neçə məqamda nəzərə çatdırdığı ana dili – dövlət dili məsələsini, adət-ənənələrimizdə bağlı səslənən tezisləri də əlavə etməklə azərbaycançılığın dövlət başçımızın baxışlarındakı geniş əhatə dairəsini aydın şəkildə görmək mümkündür. Bu baxımdan yanaşdıqda Azərbaycan Respublikasının Prezidentini Ümumdünya Mədəniyyətlərarası Qlobal Forumunda böyük qürurla dünya ictimaiyyətinə bəyan etdiyi aşağıdakı sözlər Azərbaycançılıq ideyasının və ümummilli ideyanın əsas kodlarını ümumiləşdirilmiş şəkildə nəzərə çatdıran əsas mətləblər kimi səslənir. «Son iki əsrdə biz müstəqil olmamışıq. Bununla belə, yaşadığımız sistemdən asılı olmayaraq dəyərlərimizi, dilimizi həyat tərzimizi qoruyub saxlaya bilmişik… Yaşadığımız sistemlərin heç biri bizim milli hisslərimizi, əzmimizi poza bilməmişdir. Ona görə də Azərbaycan müstəqilliyini bərpa etdiyi zaman biz öz taleyimizin sahibinə çevrildik».
==
Göründüyü kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin azərbaycançılıq ideologiyası konsepsiyası geniş anlayış olub, ölkəmiz, xalqımız və müstəqil dövlətimizlə əlaqədar bütün əsas dəyərləri və ənənələri özündə birləşdirən bütöv və sistemli bir təlimdir. Bu, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin möhkəm siyasi-mənəvi dayaqlarını yaratdığı azərbaycançılıq ideologiyasının yeni tarixi dövrün meydana çıxardığı yeni dəyərlərlə genişləndirilmiş və zənginləşdirilmiş tam, bütöv bir sistemdir. Bu, XXI əsrin yeni tipli azərbaycançılıq hadisəsidir. Nəhayət, bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gərgin mübarizələrlə, yorulmaz fəaliyyətlə, danılmaz inkişafla azərbaycançılıq təliminə qazandırdığı yeni keyfiyyətlərdir. Yeni tarixi dövrdə Azərbaycançılıq ideologiyası anlayışına daxil olmuş multikulturalizm və tolerantlıq, ərazi bütövlüyü və suverenlik, milli qürur və milli iftixar hissləri müstəqil Azərbaycan dövlətinin ümummilli ideologiyasına daxil olmuş yeni dəyərlərdir. Bu mənada XXI əsrin Azərbaycançılıq anlayışı özünəqədərki Azərbaycan xalqı, ana dili – dövlət dili kimi dəyərlərlə yanaşı, həm də yeni tarixi dövrün doğurduğu reallıqları təcəssüm etdirən mükəmməl bir siyasi-ideoloji təlimdir. Azərbaycançılıq ideologiyasının məzmunca yeniləşməsi, hüdudlarının genişləndirilməsi xalqımızın və ölkəmizin ideya-mənəvi inkişafının barometridir. Azərbaycançılıq baxımından XX əsrin yetmişinci illərindən başlayaraq bizim günlərə qədər sovet vətənpərvərliyindən - Azərbaycançılıq ideayasına və inkişaf etmiş müstəqil Azərbaycan dövlətinin ümummilli ideologiyasınadək qət edilən çətin, lakin şərəfli yol Azərbaycan xalqının milli oyanış və dirçəlişdən milli istiqlala və suverenliyə qədər keçdiyi şanlı mübarizə və təkamül proseslərinin ibrətamiz nümunəsidir.
Ümumdünya Mədəniyyətlərarası Qlobal Dialoq Forumu azərbaycançılıq ideologiyasının beynəlxalq miqyasda təqdimatı üçün ən əlverişli platforma idi. Prezident İlham Əliyev bu beynəlxalq miqyaslı xitabət kürsüsünün imkanlarından məharətlə istifadə edərək müstəqil Azərbaycan dövlətinin ümummilli ideologiyasını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdır.
Ümumiyyətlə, Azərbaycan – Vətən və ideal, azərbaycançılıq isə ümummilli ideologiya mənalarını ifadə edir. XIX əsrdə “Azərbaycan” sözünün mətbuata çıxması ilə başlanan Azərbaycançılıq hərəkatı XX əsrin əvvəllərində Cəlil Məmmədquluzadənin “Haradır Azərbaycan” sualına cavab tapmaq yolunda davam edərək konkret məna kəsb etmişdir. Cəlil Məmmədquluzadənin məşhur “Anamın kitabı” dramı Azərbaycan xalqının tale kitabı kimi meydana çıxmış, Azərbaycan idealını meydana qoymuşdur. Xalq şairi Səməd Vurğunun “Azərbaycan” şeiri Azərbaycançılıq ideyasını tərənnüm edərək yaşadan ədəbi dəyərlərdən biri olmuşdur. Azərbaycan xalqının çoxəsrlik tarixində Azərbaycan idealını və azərbaycançılıq ideyasını ilk dəfə görkəmli dövlət xadimi Heydər Əliyev dövlətçilik ideologiyasına çevirmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycançılıq ideologiyasını yeni tarixi dövrün reallıqları ilə zənginləşdirərək tam suverenlik mərhələsinə çatdırmışdır. VII Mədəniyyətlərarası Dialoq Forumunda Prezident İlham Əliyev tərəfindən təqdim edilən Azərbaycançılıq ideologiyası ölkəmizin ərazi bütövlüyü və suverenliyi epoxasındakı təntənəsidir.
XXI əsrin ən görkəmli liderlərindən biri olan Prezident İlham Əliyev Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki tarixi nitqi ilə «Parçalanmış dünyada ortaq gələcək naminə dialoq» çağırışına Azərbaycan təcrübəsi ilə örnək göstərmiş və istiqamət vermişdir. Bu nitq Qalib ölkənin Qalib liderinin qurub-yaratdığı, inkişaf etdirib ucaltdığı, ərazi bütövlüyünü və suverenliyini tam təmin etdiyi müstəqil Azərbaycan Respublikası haqqında qürur dolu möhtəşəm bir təqdimatdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizin timsalında ana xətlərini, əsas konturlarını göstərdiyi azərbaycançılıq ideologiyasının əhatə etdiyi vahid ümummilli ideal ətrafında birləşmək ideyası qlobal xarakterə malik olan ümumdünya modelidir.
Vahid ümummilli ideal ətrafında birləşmək çağırışı əslində parçalanmış dünyanı xilas etməyin İlham Əliyev modelidir. Bu mənada Azərbaycançılıq ideologiyası müstəqil Azərbaycan dövlətinin ümummilli ideologiyası olmaqla bərabər, həm də müstəqil dövlətlərin vahid ideal ətrafındakı birliyinin bir ölkənin simasında əks etdirilən düsturudur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ümumdünya miqyasında vahid ideal ətrafında birləşmək ideyasının müəllifidir. Vahid amal, yaxud ümummilli ideya ətrafında birləşmək anlayışına konkret bir dövlət miqyasında baxsaq, bu, Azərbaycançılıq ideologiyasının timsalında mükəmməl bir dövlətçilik ideologiyası standartıdır. Əgər məsələyə dünyada sülh və təhlükəsizliyin təmin edilməsi və daha da möhkəmləndirilməsi masştabında yanaşsaq, vahid amal ətrafında birləşmək ideyası parçalanmış dünyanın xilas yolunun kompasıdır. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz ölkəsində ərazi bütövlüyünü və suverenliyi təmin etmiş, ümummilli ideallar və müstəqil dövlətçilik prinsipləri əsasında dövlət ideologiyasını möhkəmləndirmiş qüdrətli bir liderin parçalanmış dünyanı bütövlüyə, birliyə, sülhə, əməkdaşlığa çağırışlarının canlı və əyani əks-sədasıdır.