Azərbaycançılıq ideologiyasının əsas dayaqlarından biri də dövlətçilik düşüncəsidir

23.11.2026

Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


“Azərbaycançılıq ideologiyası xalqımızın tarixi yaddaşını, milli kimliyini, dövlətçilik ənənələrini, milli-mənəvi dəyərlərini və gələcəyə baxışını özündə birləşdirən fundamental məfkurədir. Bu ideologiya yalnız milli mənsubiyyətin ifadəsi deyil, həm də Azərbaycan dövlətinin müstəqilliyinin, xalqımızın birliyinin, cəmiyyətimizin həmrəyliyinin və davamlı inkişafının ideya əsasını təşkil edir. Azərbaycançılıq Vətənə sevgi, dövlətə sədaqət, milli dəyərlərə bağlılıq və ümumbəşəri prinsiplərə hörmət üzərində formalaşan bütöv bir düşüncə sistemidir.
Hər bir xalqın tarix səhnəsində özünəməxsus yer tutması, milli varlığını qoruması və gələcək nəsillərə ötürməsi üçün onu birləşdirən ümumi ideyaya ehtiyacı var. Azərbaycan xalqının əsrlər boyu qoruyub saxladığı milli kimliyi, dili, mədəniyyəti, adət-ənənələri və dövlətçilik düşüncəsi məhz belə bir ideyanın formalaşması üçün möhkəm zəmin yaradıb. Tarixin müxtəlif mərhələlərində xalqımız ağır sınaqlarla üzləşsə də, milli ruhunu, Vətənə bağlılığını və müstəqillik arzusunu itirməyib. Bu mənəvi bütövlük müasir Azərbaycançılıq ideologiyasının tarixi köklərini təşkil edir”.
Newscenter.az xəbər verir ki, bunları politoloq Arzuman Muradlı deyib. O bildirib ki, Heydər Əliyevin məşhur “Hamımızın bir Vətəni var – bu, Azərbaycandır” fikri Azərbaycançılıq ideologiyasının mahiyyətini və fəlsəfəsini aydın ifadə edir:
”Bu yanaşma milli birliyin, vətəndaş həmrəyliyinin və dövlətə bağlılığın əsas prinsipinə çevrilib. Ulu Öndər Azərbaycançılığı yalnız ölkə daxilində yaşayan vətəndaşları birləşdirən ideya kimi deyil, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlının milli-mənəvi həmrəyliyini təmin edən ümummilli məfkurə kimi formalaşdırıb. 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi də bu istiqamətdə atılan mühüm tarixi addımlardan biri olub.
Azərbaycançılığın əsas xüsusiyyətlərindən biri onun milli və ümumbəşəri dəyərləri özündə birləşdirməsidir. Bu ideologiya milli kimliyimizi qorumaqla yanaşı, digər xalqların mədəniyyətinə, dini inanclarına və mənəvi dəyərlərinə hörmətlə yanaşmağı da nəzərdə tutur. Azərbaycanda tarixən müxtəlif xalqların və dini icmaların sülh, qarşılıqlı anlaşma və hörmət şəraitində yaşaması bu ideyanın ictimai həyatımızda təzahürüdür.
Multikulturalizm və tolerantlıq Azərbaycançılığın mühüm tərkib hissələri kimi cəmiyyətin mənəvi bütövlüyünə və sosial həmrəyliyinə xidmət edir”.
Arzuman Muradlı diqqətə çatdırıb ki, Azərbaycançılıq ideologiyasının əsas dayaqlarından biri də dövlətçilik düşüncəsidir:
”Müstəqil dövlətə sahib olmaq xalqın tarixi arzularının reallaşması ilə yanaşı, həmin müstəqilliyin qorunması və möhkəmləndirilməsi məsuliyyətini də yaradır. Dövlətçilik ənənələrinə hörmət, Konstitusiyaya və qanunlara riayət, milli maraqların müdafiəsi, ölkənin iqtisadi və siyasi inkişafına töhfə vermək hər bir vətəndaşın məsuliyyətidir. Bu baxımdan Azərbaycançılıq yalnız mənəvi bağlılıq deyil, həm də əməli fəaliyyət, vətəndaş mövqeyi və dövlət qarşısında məsuliyyət fəlsəfəsidir”.

Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью