Azərbaycançılıq məfkurəsi və gələcəyə baxış ŞƏRH

09.11.2026

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 9 noyabr, AZƏRTAC

44 günlük Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan xalqının milli iradəsinin, birliyinin, dövlətçilik əzminin və Vətənə bağlılığının təcəssümüdür. Bu tarixi qələbə yalnız hərbi-siyasi nailiyyət deyil, həm də milli özünüdərkin, tarixi yaddaşın və mənəvi bütövlüyün yeni məzmun qazandığı mühüm mərhələdir. Zəfər xalqımızın dövlətçilik düşüncəsini daha da möhkəmləndirməklə yanaşı, Azərbaycançılıq məfkurəsinin ictimai və ideoloji əhəmiyyətini də ön plana çıxarır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədli bildirib.

Professor qeyd edib ki, Azərbaycan dövlətçiliyinin ideya təməlində xalqın çoxəsrlik tarixi təcrübəsi, milli-mədəni irsi, dili və mənəvi yaddaşı dayanır. Bu təməl üzərində formalaşan azərbaycançılıq məfkurəsi cəmiyyətin müxtəlif etnik, dini və mədəni mənsubiyyətlərini vahid vətəndaşlıq məkanında birləşdirən ümumi dəyər sistemidir.

“Ölkəmizdə yaşayan müxtəlif xalqların və dini konfessiyaların nümayəndələrini ortaq Vətən, dövlətçilik və vətəndaşlıq məsuliyyəti ətrafında birləşdirən bu ideya milli həmrəyliyin fəlsəfi əsasını təşkil edir. Azərbaycançılığın mahiyyəti fərqliliklərin aradan qaldırılmasında deyil, onların qarşılıqlı hörmət və anlaşma şəraitində vahid ictimai bütövlük yaratmasındadır. Milli birlik cəmiyyətin bütün üzvlərinin eyni düşünməsi ilə deyil, müxtəlif düşüncə və mədəniyyətlərin ümumi dövlətçilik dəyərləri ətrafında uzlaşması ilə möhkəmlənir. Bu baxımdan, azərbaycançılıq etnik və dini müxtəlifliyi parçalanma amili kimi deyil, milli-mədəni zənginliyin ayrılmaz hissəsi kimi qəbul edən dünyagörüşüdür”.

Professor vurğulayıb ki, azərbaycançılıq məfkurəsi milli və ümumbəşəri dəyərlər arasında tarazlığın qorunmasını da nəzərdə tutur. Milli kimliyini qoruyan cəmiyyət eyni zamanda dünyaya açıq olmalı, elmi və intellektual yenilikləri mənimsəməli, qlobal inkişaf proseslərində fəal iştirak etməlidir. Lakin müasirliyə inteqrasiya milli-mənəvi əsaslardan uzaqlaşmaq hesabına baş verməməlidir. Əksinə, milli özünüdərk gücləndikcə cəmiyyət qlobal dəyişikliklər qarşısında öz mövqeyini daha aydın müəyyənləşdirə bilir. Bu mənada azərbaycançılıq qloballaşma şəraitində milli özünəməxsusluğu qorumaqla dünyaya inteqrasiya etməyin ideya istiqamətidir.

İlham Məmmədlinin fikrincə, gələcəyə baxış azərbaycançılıq məfkurəsinin yalnız qoruyucu deyil, həm də yaradıcı mahiyyətini üzə çıxarır. Bu gün milli ideyanın qarşısında duran əsas vəzifələrdən biri onu yeni nəslin düşüncə tərzi, təhsil dünyası, elmi axtarışları və ictimai davranışları ilə əlaqələndirməkdir.

“Azərbaycançılıq dövlətçiliyin ideoloji əsaslarından biri olmaqla yanaşı, cəmiyyətin özünü dərk etməsinin, müxtəlifliyi birliyə çevirməsinin və gələcək qarşısında məsuliyyətini müəyyənləşdirməsinin fəlsəfi ifadəsidir. Onun dayanıqlılığı milli dəyərlərin yalnız bəyan edilməsində deyil, təhsildə, elmdə, mədəniyyətdə, ictimai münasibətlərdə və vətəndaş davranışlarında yaşadılmasındadır.

Azərbaycançılığın gələcək fəlsəfəsi milli köklərdən güc alan, müasir dünyanın imkanlarını mənimsəyən və gələcək nəsillər qarşısında məsuliyyətini dərk edən insan yetişdirmək ideyası ilə bağlıdır. Zəfərin bizə qazandırdığı tarixi təcrübə də göstərir ki, milli birlik, mənəvi bütövlük və dövlətçilik düşüncəsi xalqın gələcəyini müəyyən edən mühüm amillərdir. Azərbaycançılıq məfkurəsinin əsas missiyası bu bütövlüyü qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə daha zəngin mənəvi-intellektual irs kimi ötürməkdir”, - deyə professor əlavə edib.

Müxbir - Tünzalə Arazlı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью