Azərbaycanda 2 minə yaxın dağınıq skleroz diaqnozu qoyulmuş şəxs var

30.05.2025

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 30 may, AZƏRTAC

Ölkəmizdə dağınıq skleroz diaqnozu qoyulmuş şəxslərin sayı 2024-cü ildə 1867 olub. Onların 1027-si qadın, 840-ı kişidir.

Bu barədə Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın sorğusuna verilən cavabda bildirilib.

Qeyd edilib ki, dağınıq skleroz xəstəliyi müxtəlif yaşda olan insanlar arasında qeydə alınıb. Lakin bu sırada yaşı 30-dan çox olan insanlar üstünlük təşkil edirlər. Statistikaya görə, dağınıq skleroz xəstəliyinə tutulmuş 1590 nəfərin yaşı 30-dan çoxdur. 9 nəfər isə 13 yaşadək olanlardır.

Qeyd edək ki, mayın 30-u Beynəlxalq Dağınıq Skleroz Günüdür. Dağınıq skleroz baş-beyni, görmə sinirlərini, onurğa beyni zədələyən xəstəlikdir və orqanizmdə müvafiq funksiyaların pozulmasına səbəb olur. Xəstəlik sinir liflərinin üzərini örtən ağ piy maddəsi mielinin yox olması - xaotik dağınıq mielinsizləşmə ocaqlarının yaranması ilə səciyyələnir.

Ölkəmizdə dağınıq skleroz səhiyyənin aktual məsələlərindən hesab edilir. 2018-ci ildə Prezident İlham Əliyevin imzaladığı Sərəncamla “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq olunub. Dövlət tibb müəssisələrində müayinə və müalicənin, xəstələrin inyeksiya vasitələri və dərman preparatları, o cümlədən daha səmərəli preparatlarla təminatının yaxşılaşdırılması üçün lazımi şərait yaradılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью