Icma.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan dövlət büdcəsindən 2026-cı ilin yanvar-sentyabr aylarında əsaslı xərclər üçün 7 milyard 284,7 milyon manat vəsait istifadə olunub. Bu, doqquz ay ərzində dövlət büdcəsinin ümumi xərclərinin 28,7 faizini təşkil edir.
Bəs milyardlarla manatın hansı istiqamətlərə yönəldiyi məlumdurmu? Böyük Qayıdış proqramına, nəqliyyat infrastrukturuna və digər investisiya layihələrinə nə qədər pul xərclənib?
Maliyyə Nazirliyinin dövlət büdcəsinin icrasına dair hesabatına görə, əsaslı xərclərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 820,3 milyon manat və ya 10,1 faiz azalıb. Bununla da yanvar-sentyabr aylarında büdcədən ümumilikdə 25 milyard 348,2 milyon manat xərclənib. Bunun 16 milyard 613,7 milyon manatı cari xərclərin, 7 milyard 284,7 milyon manatı əsaslı xərclərin, 1 milyard 449,8 milyon manatı isə dövlət borcuna xidmətin payına düşüb.
7,28 milyard manat üç əsas istiqamətə yönəlib
Əsaslı xərclərin strukturunda üç böyük istiqamət diqqət çəkir. Böyük Qayıdış proqramının icrasına 1 milyard 761,4 milyon manat, dövlət investisiya proqramına isə 1 milyard 623,8 milyon manat vəsait sərf olunub. Digər əsaslı xərclər təxminən 3,9 milyard manat təşkil edib. Bu rəqəmlər göstərir ki, dövlət investisiyalarının mühüm hissəsi işğaldan azad edilmiş ərazilərin bərpasına və ölkənin müxtəlif bölgələrində infrastruktur layihələrinin həyata keçirilməsinə yönəldilib.
Böyük Qayıdışda əsas pay nəqliyyat və sosial layihələrindir
Böyük Qayıdış proqramı çərçivəsində doqquz ay ərzində 383 layihə üzrə vəsait istifadə olunub. Ən böyük məbləğ nəqliyyat sektoruna ayrılıb. Bu sahədə 97 layihənin maliyyələşdirilməsinə 801,4 milyon manat xərclənib.
Sosial sektor üzrə 201 layihəyə 692,5 milyon manat yönəldilib. Buraya təhsil, səhiyyə və mədəniyyət sahələrində həyata keçirilən layihələr daxildir.
Digər istiqamətlər üzrə xərclər belə olub:
-Su təsərrüfatı və meliorasiya – 38 layihəyə 24,5 milyon manat;
-Enerji və sənaye – 11 layihəyə 65,9 milyon manat;
-Müdafiə və hüquq-mühafizə – 19 layihəyə 94,6 milyon manat.
Bu bölgü azad edilmiş ərazilərdə yalnız yaşayış məntəqələrinin bərpasına deyil, həm də yolların, kommunal sistemlərin, sosial obyektlərin və digər infrastrukturun qurulmasına böyük vəsait yönəldildiyini göstərir.
Dövlət investisiya proqramında da nəqliyyat öndədir
Dövlət investisiya proqramı çərçivəsində isə 309 layihə həyata keçirilib. Bu proqram üzrə ən böyük maliyyələşmə yenə nəqliyyat sektoruna yönəlib – 714,4 milyon manat.
Digər əsas istiqamətlər üzrə xərclər belə bölünüb:
-Su təsərrüfatı və meliorasiya – 320,1 milyon manat;
-Enerji və sənaye – 186,2 milyon manat.
Bundan əlavə, dövlət investisiya proqramı çərçivəsində xarici kreditlər hesabına investisiya məqsədləri üçün 125 milyon manat istifadə olunub. Beləliklə, Böyük Qayıdış və dövlət investisiya proqramı üzrə nəqliyyat layihələrinə birlikdə 1 milyard 515,8 milyon manat yönəldilib. Bu, yolların və digər nəqliyyat infrastrukturunun dövlət investisiya siyasətində mühüm yer tutduğunu göstərir.
Bu xərclər vətəndaşlara nə vəd edir?
İnvestisiya xərcləri adi büdcə ödənişlərindən fərqlənir: onların nəticəsi yeni yol, məktəb, xəstəxana, su və enerji infrastrukturu, istehsal və logistika imkanları şəklində ortaya çıxmalıdır. Xüsusilə nəqliyyat layihələri bölgələr arasında əlaqələrin yaxşılaşmasına, yük və sərnişin daşımalarının asanlaşmasına, iqtisadi fəallığın artmasına təsir göstərə bilər. Böyük Qayıdış çərçivəsində sosial obyektlərə ayrılan vəsait isə azad edilmiş ərazilərdə insanların məskunlaşması və normal həyat şəraitinin yaradılması baxımından əhəmiyyətlidir.
Ancaq əsas məsələ yalnız nə qədər vəsait xərclənməsi deyil. Bu pulların hesabına hansı layihələrin başa çatdırılması, obyektlərin nə vaxt istifadəyə verilməsi və investisiyaların iqtisadi nəticələrinin necə ölçülməsi də vacibdir.
Samir Abdulla
Post navigation