Azərbaycanda 2,5 milyon insan xəstələnib

18.09.2026

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda 2025-ci ildə ilk dəfə xəstəlik diaqnozu qoyulan şəxslərin ümumi sayı 2 milyon 516 min 677 nəfər olub.

Bu barədə Modern.az-ın Dövlət Statistika Komitəsinə ünvanladığı sorğuya cavab olaraq məlumat verilib.

Statistikaya görə, 2024-cü ildə ilk dəfə xəstəlik aşkarlanan şəxslərin sayı 2 milyon 870 min nəfər təşkil edib. 2025-ci ildə bu göstəricinin 2 milyon 516 min 677 nəfərə enməsi ümumi xəstələnmə sayında 12,3 faiz azalma olduğunu göstərir.

2025-ci ildə ən çox tənəffüs orqanlarının xəstəlikləri qeydə alınıb. İl ərzində bu kateqoriya üzrə 841 min 789 nəfərə ilk dəfə diaqnoz qoyulub.

Ən çox qeydə alınan xəstəlik kateqoriyaları belə sıralanır:

Tənəffüs orqanlarının xəstəlikləri – 841 789 nəfər Qan dövranı sistemi xəstəlikləri – 247 019 nəfər Həzm sistemi xəstəlikləri – 216 749 nəfər Travmalar, zəhərlənmələr və xarici səbəblər – 155 137 nəfər Sidik-cinsiyyət sistemi xəstəlikləri – 154 466 nəfər Bəzi infeksion və parazitar xəstəliklər – 148 481 nəfər Göz xəstəlikləri – 136 519 nəfər Sinir sistemi xəstəlikləri – 105 758 nəfər Dəri və dərialtı toxuma xəstəlikləri – 86 727 nəfər Qulaq və məməyəbənzər çıxıntı xəstəlikləri – 81 498 nəfər

Statistikada diqqət çəkən məqamlardan biri sinir sistemi xəstəlikləri ilə bağlıdır. Bu kateqoriya üzrə 2024-cü ildə 89 min 370 hal qeydə alındığı halda, 2025-ci ildə göstərici 105 min 758-ə yüksəlib.

Beləliklə, bir il ərzində sinir sistemi xəstəlikləri üzrə ilk dəfə qeydə alınan diaqnozların sayı 16 min 388 nəfər artıb.

2025-ci ildə ən az qeydə alınan xəstəlik kateqoriyalarından biri isə anadangəlmə anomaliyalar olub.

Ümumilikdə isə Dövlət Statistika Komitəsinin məlumatları göstərir ki, 2025-ci ildə ilk dəfə diaqnoz qoyulan xəstələrin sayı 2024-cü illə müqayisədə azalıb. Bununla yanaşı, ayrı-ayrı xəstəlik qruplarında artım müşahidə olunub.

Lamiyə Cənnətzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью