Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanda iş saatlarının azaldılması və daha çevik iş rejiminə keçid məsələsi gündəmə gəlib. Milli Məclisin deputatı Razi Nurullayev iş gününün müddətinin azaldılması istiqamətində düşünməyin vacibliyini vurğulayaraq bildirib ki, əsas diqqət işçinin iş yerində keçirdiyi vaxta deyil, əldə etdiyi nəticəyə yönəlməlidir. Onun fikrincə, işin səmərəli təşkili və lazımsız bürokratik prosedurların aradan qaldırılması hesabına əmək məhsuldarlığını qorumaqla insanlara daha çox vaxt qazandırmaq mümkündür.
Bəs Azərbaycanda iş saatlarının azaldılması və çevik iş rejiminin tətbiqi nə dərəcədə realdır?
Avtosfer.az xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, çevik iş saatları və dördgünlük iş həftəsinə keçid məsələsi uzun illərdir müzakirə olunur:
“Lakin bu məsələ yalnız arzu və istəklər əsasında deyil, Azərbaycanın əmək bazarının xüsusiyyətləri və mövcud iqtisadi vəziyyəti nəzərə alınmaqla qiymətləndirilməlidir. Azərbaycanda əmək müqaviləsi ilə çalışanların sayı 1,7 milyon nəfərdir. Onların təxminən yarısı dövlət və büdcə sektorunda, digər yarısı isə özəl sektorda işləyir. Bundan əlavə, ölkədə 1 milyondan bir qədər çox fərdi sahibkar və fərdi qaydada çalışan şəxs var”.
İqtisadçının fikrincə, dövlət və büdcə təşkilatlarında çevik iş saatlarının tətbiqi nisbətən asan olsa da, burada da fəaliyyət sahələrinin xüsusiyyətləri nəzərə alınmalıdır:
“Məsələn, müəllimlərin iş rejimi əsasən dərs saatlarına uyğun müəyyənləşdirilir. Polis və xilasedicilərin, eləcə də həkimlərin fəaliyyətində isə xidmətin fasiləsizliyini təmin etmək vacibdir.
Nazirliklərdə və digər dövlət idarələrində çevik iş rejiminin, o cümlədən məsafədən işləmək imkanlarının tətbiqi daha real görünür. Bununla belə, hər bir qurumun fəaliyyət xüsusiyyətləri ayrıca qiymətləndirilməlidir”.
N.Cəfərlinin sözlərinə görə, özəl sektorda isə çevik iş saatlarına keçid daha mürəkkəb prosesdir:
“Məsələn, gün ərzində 8-10 saat fəaliyyət göstərən kafe və restoranlarda iş rejiminin dəyişdirilməsi əlavə işçi qüvvəsinə ehtiyac yarada bilər. Bu isə sahibkarın əməkhaqqı xərclərinin artmasına və gəlirlərinə birbaşa təsir göstərə bilər. Beləliklə, çevik iş saatları və dördgünlük iş həftəsinə keçid məsələsi müzakirə edilərkən yalnız işçilərin istəkləri deyil, iqtisadi səmərəlilik, əmək bazarının tələbləri və ayrı-ayrı sahələrin fəaliyyət xüsusiyyətləri də nəzərə alınmalıdır”.