Azərbaycanda ailə institutu təhlükə altındadır? Dəyərlərin dəyişməsi təklifi

29.01.2026

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında bildirib ki, ailə institutunun mövcudluğu təhlükə altındadır.

O qeyd edib ki, süni intellektə əsaslanan texnologiyalar yeni və ciddi çağırışlar yaradacaq.

Nazirlik rəsmisi əlavə edib ki, uşaqlar müxtəlif ailələrdə yetişirlər və bu kontekstdə yüksək mədəniyyət formalaşıb:

"Ailə dəyərləri çox önəmlidir. Müasir dövrdə dünyada bu, çox böyük problemdir. Hazırda ailə dəyərləri itir. Hətta ailə institutunun özünün mövcudluğu təhlükə altındadır".

Məsələ ilə bağlı Oxu.Az-a danışan sosioloq Üzeyir Şəfiyev bildirib ki, ailə institutunun qorunmasında medianın üzərinə böyük yük düşür:

"Ailə dəyərləri hörmət üzərində qurulub. Azərbaycan cəmiyyətinin özünəməxsusluğu da bundadır. Sədaqət, dürüstlük, paylaşmaq, böyük-kiçiyə hörmət, qadın-kişi yerini bilmək bizim mentaliteti təşkil edən əsas anlayışlardandır. Bu gün rəqəmsal cəmiyyətdə, süni intellekt dövründə yaşayırıq. Sosial şəbəkələrdə sarı və hüquqazidd paylaşımlar tirajlanır. Şübhəsiz ki, bu da ailə dəyərlərini dağıdır. Boşanmalar, xəyanət təbliğ olunur. Ağsaqqal, ağbirçək anlayışı aşınır. Bu da ailə institutunu deqradasiyaya sürükləyir.

Ölkə başçısı İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün Süni İntellekt Strategiyası"nda da etik çərçivə və təhlükəsizlik məsələləri əksini tapıb. Strategiyaların, dövlət proqramlarının əsas məqsədlərindən biri də Azərbaycan ailəsini qorumaqdır. Cəmiyyət bununla möhkəmlənə bilər. Qorumasaq, sosial anomiyaların sayı artar. İmkan verməməliyik ki, kimlərsə mediada boşanmaları təbliğ etsin. Uğurlu şəxslərin həyatından proqramlar hazırlamalıyıq. Birmənalı qəbul olunmayan şəxsləri ulduza çevirmək olmaz. Bu, cəmiyyətə xəyanətdir".

Psixoloq Fidan Nizamova isə Oxu.Az-a bildirib ki, dəyərlər hamı üçün eyni deyil.

O vurğulayıb ki, bu anlayışlar insana görə formalaşır:

"Hazırda gənclər özləri üçün yeni anlayışlar ortaya qoyurlar. Yeni nəslin həyat tərzi ilə digərlərinin yanaşmaları üst-üstə düşmür. Ailələr arasında dəyərlər də fərqli formalaşmağa başlayır. Biz ailə dəyərlərinin itməsinin yox, dəyişməsinin tərəfdarı olmalıyıq. Bunun üzərində çalışmalıyıq. Bu günə qədər bizə dəyər adı altında bir çox qəbuledilməz məqamlar aşılanıb. Yeni dəyərlər formalaşdırmalıyıq. Bəzi şeylərə susmaq əvəzinə, onu araşdırıb daha yaxşısını uşaqlarımıza və ailəmizə çatdırmalıyıq. Bəzən dəyərləri itirmək avropalaşmaq kimi qiymətləndirilir. Bu, doğru yanaşma deyil. Biz emosional təhlükəsizlik məsələsini də unutmamalıyıq. Çox adam bunun haqqında düşünmür və həyatında ona yer ayırmır. Hər bir fərdin duyğuları nəzərə alınmalıdır. Sərhədləri qorumalıyıq. İzahsız dəyərlərdən, qorxu ilə bizə aşılanan anlayışlardan uzaq durmalıyıq".

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev Oxu.Az-a açıqlamasında qeyd edib ki, dəyərlərin itməsinə ən böyük səbəblərdən biri də bəzi seriallar, televiziya verilişləridir:

"Kanallarda bəzən əxlaqsızlıq təbliğ olunur, dəyərlər ayaq altına atılır. Evlənənlərin az qala yarısı boşanır. Bəzi bayağı müğənnilər efirə çıxarılır, uyğunsuz mövzular, yüngül həyat tərzləri təbliğ olunur. Bu verilişlər məhz dəyərlərin məhvinə yönəlib. Cəmiyyətimiz isə buna susur. Hər şey gözümüzün qarşısında baş verir. Lazımsız şəxslər elə təqdim olunur ki, sanki qəhrəmandır. Kanal rəhbərliyi və aidiyyəti qurumlar buna göz yumur. Bu isə dəyərləri ucuzlaşdırır və ciddi problemlər yaradır".

Məlik Məlikov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью