Azərbaycanda alternativ hərbi xidmət modelinə keçə bilər

30.06.2026

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Azərbaycan Ordusu peşəkarlaşdıqca müddətdən artıq xidmətə maraq göstərən gənclərin sayı artır. Orduda və digər silahlı qurumlarda bu məqsədlə xüsusi kurslar təşkil olunur. Həmin kursları uğurla başa vuran və lazımi bilikləri olan gənclərlə müqavilə bağlanılır və onlar müddətdən artıq xidmətə qəbul olunurlar.

Bu halda, həqiqi hərbi xidmət keçən çağırışçılar, əsasən, atıcı və buna bənzər vəzifələrdə xidmət edirlər. Bu baxımdan onların xidmət müddətinin azaldılması da mümkün ola bilər. Məsələn, Türkiyədə həqiqi hərbi xidmətin müddəti 6 aydır.

Bundan başqa, alternativ xidmət modelləri də var. Xidmətin müəyyən hissəsi hərbi hissədə keçirilir, qalan hissəsi isə qanunvericilikdə nəzərdə tutulan qaydada müəyyən məbləğin ödənilməsi ilə başa çatdırılmış hesab edilir”.

Bu barədə Bizimyol.info xəbər portalına hərbi ekspert, ehtiyyatda olan polkovnik Şair Ramaldanov danışıb.

O deyib ki, bu gün dünyada biznes mühüm rol oynayır. Əgər ölkənin inkişafına töhfə verən, biznes sahəsində uğur qazanan gənclər varsa, onların qısa müddətli hərbi xidmət keçərək qalan hissəni müəyyən ödəniş əsasında tamamlaması variantı da müzakirə oluna bilər.

“Mən düşünmürəm ki, bundan istifadə edənlərin sayı çox olsun. Əksinə, bu say az olacaq və çağırış sisteminə ciddi təsir göstərməyəcək. Hərbi xidmət və çağırışla bağlı ehtiyacların ödənilməsi baxımından belə yanaşmanın ciddi mənfi təsiri olmaz. Əksinə, bütün bu məsələlər kompleks şəkildə nəzərdən keçirilməlidir”, Şair Ramaldanov deyib.

Azərbaycanda həm hərbi xidmət və səfərbərlik sahəsində, həm də başqa istiqamətlərdə kifayət qədər peşəkar mütəxəssislər fəaliyyət göstərirlər. Hazırda da təcrübəli şəxslər qanunvericiliyə dəyişikliklərin hazırlanmasında iştirak edirlər.

Polkovnik hesab edir ki, həm nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, həm də çağırış sisteminin müasir tələblərə uyğunlaşdırılması baxımından qanunvericilikdə müəyyən dəyişikliklərə ehtiyac var. Bu prosesdə qardaş Türkiyənin təcrübəsindən faydalanmaq da məqsədəuyğun olar.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью