Azərbaycanda azyaşlı qızlar niyə qaçırılır? Valideynlərə çağırış

20.11.2026

Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi. Sabirabad rayonunda 17 yaşlı oğlanın 15 yaşlı qızı qaçırması ilə bağlı araşdırmalara başlanılıb.

Hadisə noyabrın 19-da rayonun Cavad kəndində qeydə alınıb.
Məlumata görə, ata 2011-ci il təvəllüdlü qızının 2009-cu il təvəllüdlü oğlan tərəfindən evlənmək məqsədilə qaçırılması barədə polisə müraciət edib. Onların tapılması istiqamətində axtarış elan olunub.

Qeyd edək ki, ötən ay da eyni kənddə 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırmışdı.

Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında sosioloq Mətanət Məmmədova bildirib ki, kütlə təfəkkürü ilə düşünən valideynlər və onların yetişdirdiyi uşaqlar olduğu müddətdə belə hallarla qarşılaşacağıq:

"Bunun əsas səbəblərindən biri valideynlərin övladlarına lazımi nəzarəti həyata keçirə bilməməsidir. Mümkün deyil ki, 17 yaşlı oğlanın 15 yaşlı qızla münasibətindən, telefonla yazışmasından, görüşməsindən valideynlərin xəbəri olmasın. Eyni şəkildə, qızın valideynləri də övladlarının kimləsə görüşdüyünü, tez-tez evdən çıxdığını və kiminsə haqqında danışdığını müşahidə etməmiş ola bilməzlər. Deməli, ailələrdə müəyyən boşluqlar və məsuliyyətsizlik var.

Digər tərəfdən, 17 yaşlı bir gənc necə düşünə bilər ki, artıq ailə saxlamağa hazırdır? 15 yaşlı qız necə qoşulub qaçmaq barədə qərar verə bilər? Axı hər iki gəncin qarşısında təhsil almaq, peşə qazanmaq, iş tapmaq, maddi müstəqillik əldə etmək və ev problemi kimi həllini gözləyən məsələlər var.

Bu problemlərin kökündə ailələrdəki boşluqlar dayanır. Əgər ailədə valideynlə övlad arasında davamlı ünsiyyət varsa, ana qızı, ata və ana isə oğlunu düzgün istiqamətləndirirsə, bu cür halların qarşısını almaq mümkündür”.

Sosioloq əlavə edib ki, indiki dövrdə insanların əksəriyyəti telefon və sosial şəbəkələrlə məşğuldur:

"Qohumlar, qonşular, iş yoldaşları, dostlar, rəfiqələr, sinif və tələbə yoldaşları üçün müxtəlif qruplar yaradılır. Bəzi valideynlər bu platformalara o qədər aludə olublar ki, övladları ilə söhbət etməyə vaxt ayırmırlar. Halbuki hər bir ana qızı ilə, hər bir ata və ana isə oğulları ilə mütəmadi söhbət etməli, onları düzgün istiqamətləndirməli və maarifləndirməlidir. El arasında belə bir fikir var: "Qız uşağı deyir ki, ana, müəyyən yaşa qədər sən məni qoru, ondan sonra özümü özüm qoruyacağam”. Hazırda həmin qızın qorunmağa ehtiyacı olan dövrüdür. Görünür, valideynlər onun yanında deyil, onunla lazımi söhbətlər aparılmır. Eyni vəziyyət qızı qaçırmaq istəyən 17 yaşlı gəncin ailəsində də ola bilər. Görünür, valideynlər övladlarının həyatında baş verənlərdən xəbərsizdirlər.

Ölkəmizdə qanunvericiliyə əsasən, nikah yaşı 18-dir. 17 yaşlı gəncin 15 yaşlı qızla rəsmi nikaha daxil olması mümkün deyil. Buna baxmayaraq, erkən yaşda ailə quranlar var. Lakin bu münasibətlər rəsmi nikah olmadan davam edir və sonradan ciddi problemlərə səbəb olur. Gənclər ailə məsuliyyətini dərk etmədikdə, uşağın dünyaya gəlməsindən sonra maddi çətinliklərlə üzləşdikdə münasibətlər pozulur və tərəflər ayrılır. Nəticədə uşaqlar atasız qala, aliment məsələsində isə çətinliklər yarana bilər. Çünki rəsmi nikah olmadıqda, bu hüquqların müdafiəsi də mürəkkəbləşir”.

Mətanət Məmmədovanın sözlərinə görə, valideynlər bu məsələlərə daha ciddi yanaşmalıdırlar:

"Övladları arasında maarifləndirmə işi aparmalı, onların problemləri və düşüncələri ilə maraqlanmalıdırlar. Ölkəmizdə erkən nikahların qarşısının alınması istiqamətində qanunvericilik tədbirləri görülüb və müvafiq dəyişikliklər ötən ildən qüvvəyə minib. Erkən nikahların hansı fəsadlara yol açdığı da məlumdur. Bu cür nikahlar həm gənclərin gələcəyinə, həm də dünyaya gələcək uşaqların sağlamlığına və həyatına mənfi təsir göstərə bilər. Hər şey ailədən başlayır. Əgər uşaq ailədə düzgün tərbiyə olunur, valideyn onun yanında olur, onunla söhbət edir və maarifləndirirsə, belə halların başvermə ehtimalı azalır. Əks halda, bu, valideynlərin övladlarının həyatında yetərincə iştirak etmədiyini göstərir. Belə hadisələr təkcə bizim cəmiyyətə xas deyil, dünyanın müxtəlif cəmiyyətlərində də baş verir. Eyni zamanda, qeyri-rəsmi institutların da insanların düşüncəsinə təsir göstərdiyi bir zamanda hər bir valideyn övladını qorumağa çalışmalıdır”.

Aynur Babazadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью