Icma.az, Bakivaxti saytına istinadən bildirir.
“Bir il ərzində dörd xəstəyə ürək transplantasiyası əməliyyatı icra etmişik. Əməliyyatların hamısı texniki baxımdan uğurla başa çatıb və erkən dövr nəticələrini müsbət qiymətləndiririk”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri Kamran Musayev Səhiyyə Nazirliyinin Ürək Transplantasiyası Həftəsi çərçivəsində media nümayəndələri üçün təşkil etdiyi maarifləndirici seminarda deyib.
Onun sözlərinə görə, Azərbaycanda ilk ürək transplantasiyası əməliyyatı ötən ilin oktyabr ayının sonunda həyata keçirilib. Bu ilin oktyabr ayının sonunadək isə ümumilikdə dörd xəstəyə belə əməliyyat icra olunub.
K.Musayev bildirib ki, transplantasiyanın uğuru yalnız əməliyyatın texniki baxımdan uğurlu keçməsi ilə ölçülmür. Donorun tapılması, əməliyyatın həyata keçirilməsi və əməliyyatdan sonrakı dövrdə xəstələrin vəziyyətinin izlənilməsi də bu prosesin mühüm mərhələləridir.
O, ilk ürək transplantasiyası edilən xəstənin bu yaxınlarda vəfat etdiyini də diqqətə çatdırıb. Cərrahın sözlərinə görə, həmin xəstə ölümündən təxminən bir həftə əvvəl müayinədən keçib və tibbi göstəricilərində hər hansı problem aşkarlanmayıb.
K.Musayev xəstənin ölüm səbəbinin bu günədək dəqiq müəyyənləşdirilmədiyini vurğulayıb. Buna səbəb kimi autopsiyanın aparılmamasını göstərib.
Cərrah qeyd edib ki, ürək transplantasiyası xəstənin bütün problemlərinin birdəfəlik həll olunması demək deyil. Belə xəstələr əməliyyatdan sonra ömürlərinin sonunadək həkim nəzarətində olmalıdırlar. Transplantasiyadan sonrakı erkən, orta və uzaq dövrlərdə müxtəlif problemlərin yaranması mümkündür.
O, Azərbaycanda ürək transplantasiyası sahəsində daha böyük potensialın olduğunu bildirib:
“İnanıram ki, qarşıdakı aylarda və illərdə xəstələrimizin sayı daha da artacaq. Erkən dövrdə əldə etdiyimiz uğurlu nəticələri orta və uzaq dövrlərdə də əldə edə biləcəyik. Azərbaycanın buna potensialı var”.
Zeynəb Rzayeva