Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Azərbaycanda son doqquz ay ərzində 31 min nikah bağlanıb, boşanmaların sayı isə 15 min olub. Bu, nikahların təxminən yarısı deməkdir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Əli Əhmədov 25 noyabr – Qadınlara qarşı Zorakılığın Aradan Qaldırılması üzrə Beynəlxalq Mübarizə Günü münasibətilə keçirilən konfransda deyib.
O bildirib ki, boşanmalar bir tərəfdən zorakılığın nəticəsi, digər tərəfdən isə səbəbi ola bilər.
Əli Əhmədovun sözlərinə görə, ailə dəyərlərinin daha möhkəm təməl üzərində qurulması, bu istiqamətdə təbliğatın gücləndirilməsi və milli dəyərlərin qorunması boşanmaların azalmasına, nikahların sayının isə artmasına töhfə verə bilər.
Sədr müavini hesab edir ki, bu istiqamətdə görülən işlər gender əsaslı zorakılığın və şiddətin profilaktikasında da mühüm rol oynaya bilər.
O qeyd edib ki, Azərbaycanda nikah potensialı ilə faktiki nikahların sayı arasında fərq mövcuddur. Belə ki, 20-25 il əvvəl doğulan insanların sayı əsasında bu il ölkədə təxminən 75-85 min nikah bağlanması potensialı olduğu halda, ilin ilk doqquz ayında qeydə alınan nikahların sayı 31 min təşkil edib.
Zeynəb Rzayeva