Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Tehran bazarında Azərbaycan manatının 124 min tüməndən baha satılması iki ölkənin valyuta bazarlarında baş verən prosesləri yenidən gündəmə gətirib. İran tüməninin dollar qarşısında dəyər itirməsi fonunda manatın tümənə nisbətdə möhkəmlənməsi Azərbaycan-İran ticarətinə, idxal qiymətlərinə və yerli istehsalçılara müəyyən təsirlər göstərə bilər.
Bəs manatın İran bazarında bahalaşması yaxın perspektivdə Azərbaycan iqtisadiyyatı üçün hansı imkanlar və risklər yarada bilər? İran məhsullarının Azərbaycanda ucuzlaşması mümkündürmü?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı-ekspert Günay Hüseynova bildirib ki, manatın İran bazarında bahalaşmasının əsas səbəblərindən biri dolların tümən qarşısında məzənnəsinin yüksəlməsidir.
Ekspertin sözlərinə görə, hər hansı ölkənin milli valyutası dollar və avro kimi əsas xarici valyutalar qarşısında dəyər itirdikdə, digər ölkələrin valyutaları həmin ölkənin milli valyutasına nisbətdə bahalaşır.
“Tehran bazarında Azərbaycan manatının 124 min tüməndən baha satılmasının əsas səbəblərindən biri dolların tümən qarşısında bahalaşmasıdır. Hər hansı ölkənin milli valyutası xarici valyutalar, xüsusilə dollar və avro qarşısında dəyər itirirsə, digər ölkələrin pul vahidləri də həmin ölkənin milli valyutasına nisbətdə dəyərlənir”, – deyə ekspert bildirib.
G.Hüseynova qeyd edib ki, İran tüməninin dəyər itirməsi Azərbaycan bazarında İran məhsullarının nisbətən ucuzlaşmasına şərait yarada bilər.
“Təbii ki, həmin ölkənin milli valyutasının devalvasiyaya məruz qalması inflyasiyanı da sürətləndirir. Lakin istehsalçı ölkənin valyutasının kəskin ucuzlaşması həmin ölkədən daha sərfəli qiymətlərlə məhsul idxalına imkan yarada bilər”, – deyə ekspert vurğulayıb.
Aynurə İsmayıl
KONKRET.az