Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ölkə.az xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə və “Aviasiya haqqında” qanuna dəyişiklik edilməsi nəzərdə tutulub.
Məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Əmək Məcəlləsinin 89-cu maddəsinə nəzərdə tutulan təklifə əsasən, gündəlik normal iş vaxtı 8, həftəlik normal iş vaxtı isə 40 saatdan çox ola bilməz. Məcəllənin 93-cü maddəsi və Nazirlər Kabinetinin 2003-cü il 12 avqust tarixli 106 nömrəli Qərarı ilə uçuş və uçuş təlimatçı heyəti üçün həftəlik iş vaxtı 36 saat müəyyən edilib. Məcəllənin 95-97-ci maddələrinə görə cəmlənmiş uçot tətbiq edildikdə gündəlik iş vaxtı 12 saatdan, gecə vaxtına düşdükdə isə 11 saatdan çox ola bilməz. Bu məhdudiyyətlər 13-14 saat davam edən Nyu-York, Seul və digər uzaq istiqamətlərə uçuşların həyata keçirməsini qeyri-mümkün və ya iqtisadi baxımdan səmərəsiz edərək, onların rəqabət qabiliyyətini zəiflədir. Layihədə ümumi iş saatı limitləri hava gəmisi heyətinin yorğunluğunun idarə edilməsi (fatigue management) sahəsində beynəlxalq standartlara uyğunlaşma nəzərdə tutulub.
Layihə ilə Əmək Məcəlləsində nəzərdə tutulan ümumi normalardan istisna olaraq, aviasiya heyətinin iş və istirahət rejimlərinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının standartlarına uyğun şəkildə Nazirlər Kabinetinin qaydaları ilə tənzimlənməsi təklif edilir. Beynəlxalq təcrübədə (məsələn, ABŞ və Avropa İttifaqında) uçuş heyəti üçün iş və istirahət müddətləri 7, 14, 28 ardıcıl gün və ya 1 təqvim ili üzrə daha çevik limitlərlə tənzimlənir.
İqtisadi səmərəliliyin artması yerli aviaşirkətlərin beynəlxalq bazarda rəqabət gücünü artıracaq və uçuş xəritəsinin genişləndirilməsinə şərait yaradacaqdır.
Sənədin qəbul edilməsi ilə əlaqədar Nazirlər Kabineti tərəfindən təyyarə üçün kommersiya hava daşımalarını həyata keçirən hava gəmisi heyətinin yorğunluğunun idarəedilməsi ilə əlaqədar uçuş vaxtı, iş vaxtı və istirahət vaxtının tənzimlənməsinə dair qaydaların təsdiq edilməsi gözlənilir.
Əmək Məcəlləsinə və “Aviasiya haqqında” qanuna dəyişiklik edilməsi parlamentin payız sessiyasında müzakirəyə çıxarılacaq.
Mürtəza