Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.
Rusiyada sürücülük təcrübəsi üç ildən az olan şəxslərin güclü mühərrikli avtomobilləri idarə etməsinə qadağa qoyulması təklif edilib.
Rusiya Milli Avtomobil İttifaqı bununla bağlı ölkənin Daxili İşlər Nazirliyinə müraciət edib.
Təklifə əsasən, sürücülük təcrübəsi üç ildən az olan şəxslərin mühərrik gücü 150 at qüvvəsindən artıq avtomobilləri idarə etməsi qadağan oluna bilər. Qaydanı pozanlar üçün 5 min rubldan 15 min rubla qədər cərimə nəzərdə tutulur.
Dünya təcrübəsində də təcrübəsiz sürücülər üçün sürət, sərnişin sayı və gecə avtomobil idarə etməklə bağlı müxtəlif məhdudiyyətlər tətbiq olunur.
Azərbaycanda da avtomobillərin sayının, yollarda sıxlığın və qəzaların artmasını nəzərə alsaq, bu cür qaydaların tətbiqi mümkündürmü? Təcrübəsiz sürücülər üçün hansı əlavə məhdudiyyətlər yol təhlükəsizliyinə töhfə verə bilər?
Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bəzi ölkələrin yol hərəkəti təhlükəsizliyi ilə bağlı maraqlı təcrübələri var və bu yanaşmalar digər ölkələr üçün də nümunə ola bilər:
"Hesab edirəm ki, Azərbaycanda da bu cür təcrübələrin tətbiqi mümkündür və realdır. Burada əsas məqsəd yol hərəkəti təhlükəsizliyini gücləndirməkdir. Məsələn, təcrübəsiz və ya yeni sürücülük hüququ əldə etmiş şəxslərin ağır nəqliyyat vasitələrini idarə etməsinə məhdudiyyət qoyula bilər. Eyni zamanda, onların daha ciddi nəzarətdə saxlanılması və sürücülük vəsiqəsinin müəyyən sınaq müddəti ilə verilməsi məsələsinə baxıla bilər. Dünyanın müxtəlif ölkələrində bu cür yanaşmalar mövcuddur. Hesab edirəm ki, Azərbaycanda da bu barədə düşünmək lazımdır. Biz bu məsələ ilə bağlı dəfələrlə danışmış, təkliflər vermişik və bunun çox vacib yanaşma olduğunu düşünürük. Çünki vətəndaş sürücülük vəsiqəsi almaq üçün imtahana öz avtomobili ilə getməməlidir. Təəssüf ki, Azərbaycanda belə bir təcrübə var: şəxs artıq avtomobilə sahib olur, sürücülük vəsiqəsi olmadan maşın idarə edir və vəsiqə almaq üçün imtahana da həmin avtomobillə gedir. Bu isə özlüyündə ciddi risk yaradır”.
Ekspert əlavə edib ki, qanunvericilik sürücülərə sərnişin tutumundan və avtomobilin qabaritindən asılı olaraq müxtəlif ölçülü və modellərdə nəqliyyat vasitələrini idarə etməyə imkan verir:
"Lakin bunun nə dərəcədə düzgün olduğu sualına cavabım birmənalıdır: bu yanaşma düzgün deyil və risklidir. Mən dünya təcrübəsindəki müsbət yanaşmaların Azərbaycanda da tətbiq olunmasını istərdim. Çünki sürücülük hüququ əldə edən, lakin praktiki sürücülük təcrübəsi sıfır səviyyəsində olan kifayət qədər insan var. Konkret olaraq, elə sürücülər var ki, manevr edə bilmir, avtomobili işə salmaqda çətinlik çəkir. Kənardan baxanda insan təəccüblənir ki, bu şəxs özünü necə sürücü hesab edir?
Belə şəxslərə münasibətdə müəyyən qabaritdə olan avtomobillərin idarə edilməsinə məhdudiyyət qoyulmalı, sürücülük vəsiqəsinin sınaq müddəti ilə verilməsi məsələsinə də baxılmalıdır. Bu məsələ mütləq öz həllini tapmalıdır ki, sürücülük hüququ əldə etmiş şəxs vəsiqə aldıqdan sonra arxayınlaşaraq istədiyi kimi hərəkət edə biləcəyini düşünməsin. O, ən azı müəyyən məsuliyyət hiss etməlidir”.
Aynur Babazadə