Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanda 2026-cı ildən mobil cihazların idxalına tətbiq edilən yeni vergi qaydaları bazarda ciddi qiymət artımına səbəb olub.
Bu barədə 20 ilə yaxındır mobil telefon satışı ilə məşğul olan sahibkar Aqşin Məmmədzadə BAKU.WS-ə müraciətində bildirib.
Onun sözlərinə görə, yeni qaydalara əsasən ölkəyə idxal olunan bütün mobil cihazlara 15% gömrük rüsumu və 18% ƏDV ilə yanaşı, əlavə olaraq 20 manat + ƏDV (23,5 manat) məbləğində aksiz vergisi tətbiq edilir.
Sahibkar qeyd edir ki, bu vergi bahalı smartfonlara ciddi təsir göstərməsə də, invoys dəyəri 4-20 dollar olan sadə düyməli telefonların qiymətini kəskin artırıb:
"İnvoys dəyəri 5 dollar (təxminən 8,5 manat) olan telefona digər vergilərlə yanaşı 23,5 manat aksiz tətbiq olunur. Nəticədə belə cihazın idxalçıya maya dəyəri 39-40 manata çatır. Pərakəndə satışda isə qiymət 50-60 manat olur. Bu da ötən illə müqayisədə qiymətlərin 100%, bəzi hallarda isə 200% artması deməkdir".
A.Məmmədzadə bildirir ki, eyni məbləğdə aksizin həm 5 dollarlıq, həm də 1000 dollarlıq telefona tətbiq olunması ciddi problem yaradır.