Azərbaycanda çətin həyat şəraitindəki uşaqları aşkarlayacaq qurum müəyyənləşir

28.01.2026

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Çətin həyat şəraitindəki uşaqları aşkarlayacaq qurum müəyyən olunur.

Bununla bağlı yeni hazırlanan "Uşaq hüquqları haqqında" qanun layihəsindən irəli gələrək "Sosial xidmət haqqında" qanuna yeni maddə əlavə edilməsi təklif olunur.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan dəyişikliyə əsasən, çətin həyat şəraitində olan uşaqların yetkinlik yaşına çatmış şəxslərdən fərqli olaraq özünümüdafiə və müstəqil müraciət etmək qabiliyyətinin daha zəif olması, aşkarlanarkən onlar barəsində təcili və təxirə salınmaz tədbirlərin həyata keçirilməsini tələb edir. Bu istiqamətdə məsul qurumun üzərinə konkret vəzifələr düşür.

Bundan irəli gələrək "Sosial xidmət haqqında" qanuna və Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnaməyə yeni normaların daxil edilməsi nəzərdə tutulur.

Dəyişikliyə əsasən, uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar çətin həyat şəraitində olan uşaqları (valideyn himayəsindən məhrum olmuş uşaqlar istisna olmaqla) aşkarlayan qurum olaraq müəyyən edilib.

Vurğulanıb ki, uşaqların əlilliyinin olması, yetkinlik yaşına çatmayanların baxımsızlığı və ya sosial təhlükəli vəziyyətdə olması, xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyətinin, habelə şəxsə (ailəyə) qulluq və köməklik göstərə biləcək əmək qabiliyyətli qohumların və ya qanuni nümayəndələrin olmaması, xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və köməklik göstərə biləcək qohumların olmamasını komissiyalar müəyyən edəcək.

Eyni zamanda məlumat verilib ki, son illərdə ailə qanunvericiliyinə edilən dəyişikliklər əsasında uşaqların hüquqlarının qorunması istiqamətində prokurorluğun səlahiyyətləri genişləndirilib. Prokurorluğun həmçinin cinayət və inzibati xətalar haqqında işlərdə uşaq hüquqlarının təmin edilməsinə prosessual nəzarət funksiyası var. Təklif edilir ki, uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarətini həyata keçirən qurum olaraq müvafiq dövlət orqanları (qurumları) ilə yanaşı prokuror da müəyyən edilsin.

Xatırladaq ki, yeni hazırlanmış "Uşaq hüquqları haqqında" qanun layihəsinə əsasən, uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarətini həyata keçirən orqanlar (qurumlar), yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları çətin həyat şəraitində olan uşaqlarla və onların ailələri ilə profilaktik iş aparıb və onlara yardım göstərəcəklər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью