Azərbaycanda çörək bahalaşacaq? AÇIQLANDI

24.09.2026

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanın buğda idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 10,7 faiz artaraq 841,7 min tona çatıb.

"Bakupost" xəbər verir ki, idxala xərclənən vəsait isə 13,2 faiz artaraq 185,2 milyon dollar olub. Eyni zamanda, ilin ilk aylarında un və müxtəlif çörək məhsullarının orta pərakəndə qiymətlərində də artım qeydə alınıb.

Bəs Azərbaycanın buğda idxalının gələn il də artması çörək qiymətlərinə təzyiq yarada bilərmi? Çörəyin bahalaşması gözlənilirmi?

Bu barədə iqtisadçı Fuad İbrahimov Sfera.az-a açıqlamasında bildirib ki, idxal həcminin artması ilə idxala xərclənən vəsaitin artması təbii prosesdir:

“İlk növbədə onu qeyd edək ki, müəyyən dövrlə müqayisədə idxal 10,7 faiz artırsa, aydın məsələdir ki, idxala xərclənən vəsaitdə də artım olmalıdır. Bu, ancaq o halda baş verməyə bilər ki, hansısa məhsulun qiyməti həmin dövrə nisbətən kifayət qədər ucuzlaşsın. Bilirsiniz ki, un, ümumiyyətlə, taxıl və buğda elə bir məhsul sinfinə aiddir ki, bu sahədə daim artım müşahidə olunur. Ümumiyyətlə, ərzaq təhlükəsizliyi bülletenlərinə, BMT-nin ərzaq təhlükəsizliyi proqramının qiymət əmələgəlmə cədvəlinə diqqət etsək, son 10-15 ildə bütün məhsullarda, xüsusilə ərzaq məhsullarında dinamik artımın olduğunu görərik. Taxıl və buğda, bilirsiniz ki, bütün dünyada strateji məhsullar sinfinə daxil olub. Çünki ən azı dünya ixracatçılarının ilk beşliyinə daxil olan Rusiya və Ukrayna arasındakı müharibə ümumiyyətlə bu məhsulun bazara çıxması problemini gündəmdə saxlayır. Düzdür, müharibə başlayanda kifayət qədər impulsiv bahalaşma baş vermişdi və bunun nəticəsində dünya bazarlarında bu qəbildən olan məhsulların qiymətinə təsir etmişdi. Amma sonradan bu qiymətlər səngiyib”.

Fuad İbrahimov bəzi çörək növlərinin qiymətində artım müşahidə olunduğunu, lakin bunun bütün çörək məhsullarına şamil edilmədiyini qeyd edib:

“Bəzi çörək növlərinin qiymətində bahalaşma müşahidə olunur. Əslində, standarta uyğun və standarta uyğun olmayan çörəklər var. Standarta uyğun olmayan deyəndə mən keyfiyyətsiz demirəm, xahiş edirəm bunu nəzərə alasınız. Bizim müəyyən standartlarımız var. Belə deyək, zavod çörəyi deyilən, ümumi qəbul olunmuş bir standartımız var. Yəni həmin çörəyin bahalaşması baş verməyib. Amma elə çörək məhsulları istehsalı var ki, özəl sektorda onlar xüsusi qatqılarla, xüsusi adla, xüsusi reseptlərlə hazırlana bilərlər. Burada artıq qiymət əmələgəlmə prosesində fərq ola bilər. Bu, təbii haldır. Yəni o növ çörəklərin qiymətində bahalaşma varsa, bu, təbii haldır. Sahibkar onu tələbata uyğun tənzimləyə bilər. Tələbat varsa, onun qiymətini bir qədər də qaldıra bilər. Çünki, hansısa reseptlə hazırlanmış çörək növünə tələbat var. Əgər alınırsa, bu qiyməti o qədər də qaldıracaqlar. Yox, görəcək ki, tələbat yoxdur, məcbur olub qiymətləri aşağı salacaq ki, tələbat formalaşsın. Bu, təbii iqtisadi prosesdir. Amma ümumi standartlarımızın, zavod çörəklərimizin qiyməti yerindədir”.

F.İbrahimov 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi fonunda buğdanın qiymətinin kəskin artması zamanı hökumət tərəfindən də müəyyən tədbirlər görüldüyünü vurğulayıb: “Nəzərə alsaq ki, 2022-ci ildə Rusiya-Ukrayna münaqişəsi başlayanda dünya bazarlarında buğdanın qiyməti kifayət qədər yüksək səviyyəyə qalxmışdı, hökumətimiz də bunu strateji məhsul olduğu üçün dotasiyaya götürmüşdü, müəyyən yardımlar etmişdi. Yəni bu məhsulun respublikamız üçün strateji olduğunu nəzərə alaraq, hökumət hər an bu məsələni nəzarətdə saxlayır, əsasən də qiymət əmələgəlmə prosesini. Kifayət qədər subsidiyalar verilir, kifayət qədər dəstək olunur, idxal rüsumundan azaddır. Yəni gömrükdə hər hansı rüsum tətbiq olunmur, ƏDV-dən azaddır və sair. Azərbaycanda buğda istehsalının artması da nəzərə alınmalıdır. Bu nöqteyi-nəzərdən məsələ nəzarətdədir. Kifayət qədər özümüzün də eyni zamanda istehsalımızda artımlar var, onu da nəzərə almaq lazımdır. Əsas odur ki, ölkənin özünün, yəni bizim maliyyə dayanıqlığımız var. Bugünkü vəziyyətdə istənilən halda hökumət bunu tənzimləməyə qadirdir və qiymətin bahalaşmasının qarşısını almaq imkanları var. Dünya bazarlarında isə qiymətlər o dərəcədə yüksəlməyib ki, bu risk formalaşsın. Yəni bu nöqteyi-nəzərdən tam rahatlıqla demək olar ki, çörəyin bahalaşması, söhbət standart çörəkdən gedir, son ana qədər bizim, belə deyək, istehlakçılarımızın hiss edəcəyi bir məsələ olmayacaq. Yəni belə bir proqnozlaşdırma yoxdur, nə də o mənzərə yoxdur ki, bu haqda riskli fikir irəli sürək. Yəni narahatlığa əsas yoxdur”.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью