Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.
Dünyanın bir çox ölkəsində üzü tam örtən niqab geyimi qadağan edilir. Son günlər İtaliyada da belə qərarın verilməsi niqaba aid müzakirələri aktuallaşdırıb. Belə ki, Azərbaycanda da bu geyimə qarşı fikirlər birmənalı deyil.
Bəs müzakirə və mübahisələrə səbəb olan niqab geyimi dində fərzdirmi?
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən ilahiyyatçı Ağa Hacıbəyli bildirib ki, İslam dinində birmənalı olaraq alimlərin niqab məsələsinə münasibəti ortadadır.
Onun sözlərinə görə, bütün məzhəblərdə niqabdansa baş örtüsü ilə bağlı Quranın ayəsinin üzərində daha çox durulur: “Niqab dedikdə üzün örtülməsindən söhbət gedir. Peyğəmbərimizin həyat yoldaşları niqab geyinərlərmiş. Onun da xüsusi özəl səbəbləri var. Birmənalı şəkildə qəbul olunan budur. Amma səhabə xanımlarından öz istəkləri ilə üzlərini örtənlər olublar. Belə bir məsələ tarix kitablarında, ədəbiyyatımızda qeyd olunur. Ancaq hüquqi baxımdan bir xanım mütləq üzünü örtməlidir deyə bir fiqh hökmü yoxdur. Məsələnin digər tərəfinə gəldikdə isə yaşadığımız dövrdə, xüsusilə Azərbaycanda mədəniyyət sahəsində geniş əhatəli millətik. Cəmiyyətimizdə hər cür geyim formasına rast gəlmək olur. Hicablı, niqablılar da var. Milli geyimlərimizin içərisində kəlağayı, örpək kimi geyimlər daha çox üstünlük təşkil edir, nəinki niqab geyimi… Bu bizə gəlmə geyim formasıdır. Daha çox ərəblərin arasında geyinilir. Azərbaycan hüquqi, sosial dövlətdir. Bu dövlətin qanunlarında bir xanım hicab, niqab geyinib və ya geyinməsin deyə bir qadağa yoxdur. Amma sənəd məsələlərində əlbəttə ki, burada qanunlar dəyişir və tələb ortaya gəlir ki, insanın üzü tamamilə görünməlidir. Ümumi olaraq İslam dünyasında ifadə etdiyimiz kimi niqabın hökmü bundan ibarətdir”.