Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı və kadastr sahəsində elektron xidmətlərin sayı artırılıb.
525.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin sədri Nigar Alimova 2025-ci il ərzində görülmüş işlər və qarşıda duran hədəflərə dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, qurum tərəfindən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması, istifadə hüququnun rəsmiləşdirilməsi, qeydiyyat zamanı buraxılan texniki səhvlərin aradan qaldırılması, torpaq sahələrinin bölünməsi, arxiv sənədləri üzrə məlumatların təqdim edilməsi, arxiv sənədlərin surətlərinin verilməsi və torpaq sahələrinin koordinatlarının naturada müəyyənləşdirilməsi kimi xidmətlər artıq elektron qaydada göstərilir.
Sədr bildirib ki, sənədlərin elektronlaşdırılması istiqamətində yeni xidmətlər də istifadəyə verilib: "Belə ki, vətəndaşlar arxiv məlumatları üzrə elektron axtarış apara, arxiv sənədlərinin təsdiq edilmiş elektron surətini əldə edə, koordinatların naturada tanınması və hüquqların dayandırılması ilə bağlı elektron bildirişlər ala bilirlər".
N.Almovanın sözlərinə görə, elektron xidmətlərin sayı son illərdə davamlı artım nümayiş etdirib: "2019 və 2020-ci illərdə bu göstərici 5, 2021-ci ildə 6, 2022-ci ildə 16, 2023-cü ildə 26, 2024-cü ildə 32 olub, 2025-ci ildə isə elektron xidmətlərin sayı 41-ə çatdırılıb".
O qeyd edib ki, həyata keçirilən rəqəmsal transformasiya xidmətlərin daha operativ, şəffaf və əlçatan şəkildə göstərilməsinə, eləcə də vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.