Milli.az saytına istinadən Icma.az xəbər verir.
Son dövrlər Azərbaycanda dəm qazından boğulma halları ciddi şəkildə artıb. Xüsusilə payız-qış mövsümündə baş verən bu faciələr nəticəsində onlarla insan həyatını itirir. Rəsmi məlumatlara əsasən, ötən il ölkə üzrə yüzlərlə dəm qazı zəhərlənməsi faktı qeydə alınıb və onlarla ölüm hadisəsi baş verib. Bu ilin əvvəlindən etibarən də analoji hadisələrin davam etməsi problemin nə qədər aktual və təhlükəli olduğunu göstərir.
Boğulma hadisələri niyə baş verir?
Milli.Azxəbər verir ki, bildirib ki, təhlükəsizlik üzrə ekspert Elmar Nuraliyev Day.Az-a açıqlamasında söyləyib ki, məişətdə qaz cihazlarından istifadə edilirsə, təhlükəsizlik məsələləri mütləq ön planda saxlanılmalıdır.
"Qazın fiziki-kimyəvi xassələri nəzərə alınmadan, təhlükəsizlik qaydalarına əməl olunmadan istismarı həm yanğın, həm partlayış, həm də dəm qazı zəhərlənməsi ilə nəticələnə bilər. Buna görə də qaz cihazlarının yalnız təhlükəsiz və normativlərə uyğun şəkildə istismar edilməsi vacibdir."
Ekspert qeyd edib ki, məişətdə qaz cihazı olan hər bir otaqda havalandırma sistemi mütləq olmalıdır.
"Otaqda ventilyasiya, nəfəslik və hava dövranı təmin edilmədikdə yanma prosesi düzgün getmir və bu zaman dəm qazı yaranır. Tüstü bacası standartlara uyğun, işlək vəziyyətdə olmalı, yalnız mövcud olması deyil, real olaraq sorma qabiliyyəti də təmin edilməlidir. Çünki bacanın nasaz və ya normativlərə uyğun olmaması yanma prosesinə birbaşa mənfi təsir göstərir. Dəm qazı əleyhinə detektorların quraşdırılması xüsusilə vacibdir. Bu detektorlar karbon monoksid təhlükəli həddə çatdıqda səs siqnalı verərək insanları vaxtında xəbərdar edir və faciənin qarşısını almağa imkan yaradır."
Dəm qazından boğulmaların qarşısını almaq üçün nə etmək lazımdır?
Elmar Nuraliyev bildirib ki, dəm qazı natamam yanmanın məhsuludur və yanma prosesi əsasən oksigen çatışmazlığı olduqda düzgün getmir.
"Otaqda hava dövranı olmadıqda, ventilyasiya və tüstü bacası işləmədikdə və ya standartlara cavab vermədikdə karbon monoksid sürətlə toplanır və insan həyatı üçün ciddi təhlükə yaradır. Buna görə də vətəndaşlar bu məsələyə laqeyd yanaşmamalı, qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi şəkildə riayət etməlidirlər."
Ekspert deyib ki, dəm qazından baş verən hadisələrin böyük hissəsi hamam otaqlarında qeydə alınır.
"Bu da təsadüfi deyil. Təhlükəsizlik baxımından hamam otağında qaz cihazlarının quraşdırılması məqsədəuyğun hesab edilmir. Lakin belə cihazlar mövcuddursa, həmin otaqlarda mütləq ventilyasiya, nəfəslik, havalandırma təmin edilməli, qapının alt hissəsində hava keçidi üçün boşluqlar olmalıdır. Qaz cihazının yerləşdiyi otağın həcmi minimum 7,5 kubmetr, hündürlüyü isə azı 2,2 metr olmalıdır. Tüstü bacası işlək vəziyyətdə saxlanılmalı və otaqda mütləq dəm qazı detektoru quraşdırılmalıdır. Bu tələblərə əməl edildiyi halda dəm qazı ilə bağlı risklər ciddi şəkildə azalır."