Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanda pərakəndə ticarət sektorunun, o cümlədən onlayn ticarətin sürətlə inkişafı ilə birlikdə distribyutorların üzləşdiyi çətinliklər də artır. Bu isə onların hüquqlarının yenidən nəzərdən keçirilməsi məsələsini getdikcə daha aktual edir.
Haqqin.az distribyutorların problemlərini araşdırmış və həllinə dair suallara cavab tapmağa çalışmışdır. Məlum oldu ki, distribyutor şəbəkəsi illərlə formalaşmasına baxmayaraq, onların hüquqlarının təmin edilməsində ciddi boşluqlar mövcuddur: ayrıca qanun qəbul edilməmiş, tənzimləyici qaydalar hazırlanmamışdır. Yeganə çıxış yolu məhkəməyə müraciət etməkdir ki, bu da əlavə vaxt və maliyyə itkisi deməkdir. Bəs distribyutorlar cavab almaq və problemlərini həll etmək üçün hansı qurumlara müraciət etməlidir?
Bu sadə sualın cavabını tapmaq çətindir. Tablo belə yaranıb: distribyutorlar müdafiəsiz qalır. İqtisadiyyat Nazirliyi, ona tabe olan strukturlar, Dövlət Gömrük Komitəsi və ya digər aidiyyəti orqanlar hələlik distribyutorlarla bağlı vəziyyəti müzakirə etməyə və həll yolları axtarmağa maraq göstərmir.
Distribyutorların çətinlikləri
Distribyutorluq fəaliyyəti müasir ticarətin əsas elementlərindən biri sayılır. İstehsalçı ilə alıcı arasında strateji körpü rolunu oynayan distribyutor keyfiyyətli malın bazara çıxarılmasını təmin edir. Azərbaycanda bu sahə, xüsusilə son illərdə, peşəkar səviyyəyə yüksəlmişdir. Dünyanın aparıcı brendləri Azərbaycan bazarına daha sürətli daxil olmaq və məhsullarını geniş ərazidə tanıtmaq üçün yerli tərəfdaşlarla işləməyi üstün tutur.
Lakin distribyutorlar fəaliyyətlərinə birbaşa təsir edən və iqtisadi itkilərə yol açan bir sıra problemlərlə üzləşirlər. Onlar məhsulu birbaşa istehsalçılardan və ya şirkətlərdən alır, reklam və marketinqə yüz minlərlə manat xərcləyir, müştəri bazası formalaşdırırlar. Lakin satışların ən yüksək dövrünə çatanda bazarda eyni malı müxtəlif yollarla ölkəyə gətirən başqa şirkət və ya sahibkarlar peyda olur. Rəqiblər reklama, tanıtıma və müştərilərlə işə xərc çəkmədən mallarını daha ucuz qiymətə təklif edir. Nəticədə qiymət balansı pozulur, distribyutorlar isə qiymətlərini aşağı salmağa məcbur olurlar.
Distribyutorun düşməni?
Söhbət, əlbəttə, paralel idxaldan — eyni markalı malların alternativ kanallar vasitəsilə bazara daxil olmasından gedir. İlk baxışda bu, rəqabəti gücləndirən və alıcıya daha ucuz mal təklif edən mexanizm kimi görünür. Lakin praktikada belə sistem keyfiyyətə nəzarətin zəifləməsinə, uzunmüddətli perspektivdə isə qiymətlərin artmasına gətirib çıxarır. Müşahidələr göstərir ki, paralel idxal yalnız distribyutorlara deyil, reklam bazarına da zərər vurur.
Distribyutorların şikayətləri
Haqqin.az-ın söhbət etdiyi distribyutorların çoxu eyni problemdən şikayət edir. Onlar qeyd edirlər ki, məşhur brendlərin məhsulları ölkəyə gətirilsə belə, reklam və daimi marketinq xərcləri olmadan mal naməlum qalır və təbii ki, satılmır.
"Distribyutorlar istehsalçı ilə müqavilə bağlayır, bu müqavilədə isə istehsalçının məhsulu Azərbaycanda başqa şirkətlərə və ya fərdi sahibkarlara satmayacağına dair öhdəliyi əksini tapır. Distribyutor malın tanıdılmasına və reklamına böyük məbləğlər xərcləyir, zamanla bazar formalaşdırır. Lakin tam bu anda, məhsulun yaxşı satıldığını görən digər şirkətlər eyni malı ölkəyə gətirərək reklama bir qəpik belə xərcləmədən satmağa başlayır. Nəticədə faktiki olaraq haqsız rəqabət yaranır və hər iki tərəf zərər çəkir," — deyə distribyutorlardan biri vəziyyəti belə təsvir etdi.
Distribyutorlar qeyd edirlər ki, malın özünəqiymətinə təsir edən amillər artıq kifayət qədər çoxdur. Paralel bazarın mövcudluğu isə əlavə ciddi risklər yaradır. Nəticədə sahibkarlar yeni brendlər gətirməyə maraq itirirlər.
Distribyutorların hüquqları necə qorunur?
Azərbaycanda distribyutorların hüquqları əsasən istehsalçı şirkətlə bağlanan müqavilə ilə tənzimlənir. Ekspertlər hesab edir ki, problemin həlli üçün digər ölkələrin təcrübəsindən istifadə etmək olar. Bir sıra dövlətlərdə distribyutorluq müqavilələri ayrıca qanunlarla tənzimlənir. Məsələn, Avropa İttifaqında bu sahədə əsas sənəd 2022-ci ildə qüvvəyə minmiş qanun hesab edilir. Həmin qanuna əsasən, eksklüziv distribyusiya sistemi (istehsalçının müəyyən ərazidə malın satışı hüququnu yalnız bir vasitəçiyə verməsi və digər satıcıların həmin zonada fəaliyyət göstərməsini qadağan etməsi) yalnız bazar payı 30 faizdən az olan şirkətlər üçün icazəlidir. Bu hədd aşıldıqda müqavilə ayrıca yoxlamaya cəlb edilir.
ABŞ-da distribyutorların hüquqlarını müdafiə edən bir sıra qaydalar mövcuddur. Yaponiya və Çində bu sahəni antiinhisar qanunvericiliyi tənzimləyir. Türkiyədə distribyutorluq müqavilələri 2012-ci ildə qüvvəyə minmiş Antiinhisar Qurumunun qaydaları çərçivəsindədir. Son illərdə Suriyadan və digər nəzarətsiz regionlardan mal axını səbəbindən eksklüziv distribyutorların, xüsusilə avtomobil, elektronika və əczaçılıq sahələrindəki, hüquqlarının qorunmasına nəzarət gücləndirilmişdir.
Azərbaycana gəldikdə isə burada distribyutorların hüquqları tamamilə müqavilənin şərtlərindən asılıdır. Ən yaxşı halda onlar məhkəmə vasitəsilə öz maraqlarını müdafiə edə bilərlər.
Ekspertlər nə deyir?
Ekspertlər aidiyyəti dövlət strukturlarının distribyutorlarla görüşlər keçirməsini və onların problemlərini birbaşa dinləməsini təklif edir. Rəqabət və qiymət tənzimlənməsi kimi strateji məsələlər nəzərə alınmaqla müvafiq mexanizmlərin işlənib hazırlanması zərurəti vardır. Bundan başqa, idxal edilən brendlərin və istehsalçıların ölkə ərazisində distribyutor hüquqları verdiyi şirkətlərin gömrük reyestrinin aparılması təklif olunur. Əgər paralel idxalla gətirilən malın Azərbaycanda artıq rəsmi distribytoru varsa, həmin malın idxalına məhdudiyyətlər tətbiq etmək mümkündür. Digər təkliflər arasında rəsmi distribyutorlar üçün sürətli sertifikatlaşdırma mexanizminin yaradılması və prosedurların rəqəmsallaşdırılması da yer alır.
İqtisadçı Xalid Kərimli qeyd edir ki, hal-hazırda distribyutorların hüquqları, müəyyən ərazidə malın yayılması qaydası və digər məsələlər tərəflər arasındakı müqavilə ilə tənzimlənir.
Hüquqşünas Əkrəm Həsənov da hesab edir ki, distribyutorların hüquqları mövcuddur, lakin onlar əsasən bağlanmış müqavilənin şərtlərindən asılıdır. Müqavilə distribytora malın satışında eksklüziv hüquq verir: "Şirkət Azərbaycanda məhsulu başqa sahibkarlara satmamağa öhdəlik götürür. Bu öhdəliyin pozulması isə məhkəmə mübahisəsinə çevrilir, çünki distribytorlar reklam və tanıtıma pul, vaxt və səy xərcləyirlər."
Həsənovun sözlərinə görə, praktikada mənfi hallar da baş verir, hərçənd sahibkarlar bunları çox vaxt açıq müzakirə etməkdən çəkinirlər: "Bəzən belə olur ki, bir şirkətin və ya brendin müxtəlif ölkələrdə bir neçə istehsal sahəsi var. Distribytor malı baş şirkətdən alır, başqa sahibkar isə üçüncü ölkədəki zavoddan və ya ticarət mərkəzindən alır. Belə vəziyyətlər də müqavilə ilə tənzimlənməlidir."
İqtisadçı Akif Nəsirli hesab edir ki, müəyyən malı bazarda yalnız bir şirketin satması inhisar riskini yarada bilər. Rəqabətin olmaması süni qiymət artımı, çeşidin azalması və istehlakçıya zərər ehtimalını artırır.
Bu səbəbdən bir çox ölkə paralel idxala tam qadağa qoymur və bazarda müəyyən rəqabət səviyyəsini qorumağa çalışır: "Əslində balanslaşdırılmış yanaşma həm rəsmi distribyutorun investisiyasını qorumaq, həm də bazarda rəqabəti saxlamaqdır. Məsələn, aidiyyəti strukturlar keyfiyyətə nəzarəti gücləndirib qeyri-rəsmi idxal zamanı saxta və ya sertifikatsız məhsulların ölkəyə gətirilməsinin qarşısını ala bilər. Paralel olaraq rəsmi distribyutorlara müəyyən hüquqi üstünlüklər və ya müqavilə təminatları verilə bilər. Bu zaman sahibkarların maraqları qorunur, istehlakçı isə qiymət şişirtmə problemi ilə üzləşmir."
Dövlət strukturları nə deyir?
Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi bildirib ki, bu cür hallar paralel idxala aiddir və haqsız rəqabətin əlamətləri olmadığından agentliyin səlahiyyətinə daxil deyil.
Dövlət Gömrük Komitəsi isə əqli mülkiyyət obyektləri olan mallara nəzarətin Gömrük Məcəlləsinin 49-cu fəslinə uyğun həyata keçirildiyini bildirdi. Gömrük nəzarətinin təmin edilməsi məqsədilə əqli mülkiyyət obyektlərini ehtiva edən malların reyestri aparılır.
Malların reyestrə daxil edilməsi və reyestrdən çıxarılması Gömrük Məcəlləsinin 279–280-ci maddələrinə və Nazirlər Kabinetinin 2012-ci il 28 dekabr tarixli 323 nömrəli qərarı ilə təsdiq edilmiş "Əqli mülkiyyət obyektlərini ehtiva edən malların reyestrinin aparılması Qaydaları"na uyğun həyata keçirilir.
Məlumatda həmçinin qeyd edilir ki, hüquq sahibi və ya onun nümayəndəsi gömrük sərhəddini keçərkən hüquqlarının pozulduğuna və ya pozulacağına dair kifayət qədər əsas olduqda və pirat ya kontrafakt malların buraxılışının dayandırılması tələb olunduqda, Komitəyə əqli mülkiyyət hüquqlarının müdafiəsi və malın reyestrə daxil edilməsi üçün müraciət etmək hüququna malikdir.
Haqqin.az eyni zamanda iqtisadçı-deputat Vüqar Bayramlıya da suallar göndərmişdi. Lakin parlamentarlə əlaqə saxlamağın çoxsaylı cəhdləri nəticəsiz qaldı. Deputat suallara cavab vermədiyindən distribyutorların problemlərinin Milli Məclisdə müzakirəsi, mümkün təkliflər, ayrıca qanunun qəbul edilməsi və digər mövzular şərh olunmamış qaldı. Problem aydındır, hamı görür — deputatlar da daxil olmaqla — lakin susmaği üstün tuturlar.