Azərbaycanda dünya və regional əhəmiyyətli çox sayda tarixi dini abidə var

17.09.2026

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda dünya və regional əhəmiyyətli çox sayda tarixi-dini abidə var.

525.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.

O bildirib ki, bu abidələrin sırasında məscidlər, kilsələr və sinaqoqlar var:

"Həmin tarixi-dini abidələrdə dini icmalar mövcuddur və onlar öz fəaliyyətlərini aktiv şəkildə davam etdirirlər. Bildiyiniz kimi, ölkəmizdə tarixi-dini abidələr dövlət tərəfindən xüsusi qorunur. Keçmişimizdən bu günümüzə qədər gəlib çatan və hazırda fəaliyyət göstərən yüzlərlə belə abidə var. Eyni zamanda, onların təmiri və bərpası, qorunub saxlanılması, gələcək nəsillərə çatdırılması və tarixi həqiqətlərin öyrədilməsi də mühüm məsələlərdəndir".

Sədr müavini qeyd edib ki, ölkədə mövcud olan tarixi-dini abidələrin hər birinin özünəməxsus hekayəsi var:

*Həmin hekayələr bu gün cəmiyyətimiz, xüsusilə dindarlarımız üçün böyük əhəmiyyət daşıyır. Onlar keçmişimizlə bu günümüz arasında mühüm bir bağ yaradır. Məhz bu məsələləri müzakirə etmək, tarixi-dini abidələrin qorunmasında dini icmaların və din xadimlərinin rolunu, eləcə də bu istiqamətdə mövcud imkanları birlikdə nəzərdən keçirmək bugünkü fəaliyyətimizin əsas məqsədlərindən biridir. Hesab edirik ki, bu fəaliyyətin daha da gücləndirilməsi tarixi-dini abidələrimizin həm ölkə əhalisinə, həm də xarici ziyarətçilərə daha geniş şəkildə təqdim olunmasına imkan verəcək".

G.İsmayılov əlavə edib ki, Azərbaycanda dünya və regional əhəmiyyətli çox sayda tarixi-dini abidələr var, onların bir qismi artıq təmir və bərpa olunub:

"Bu abidələrin hər biri zəngin tarixə malikdir və özünəməxsus xüsusiyyətləri ilə seçilir. Tarixi abidələr sırasında Bakıdakı məscidləri, Şamaxı Cümə məscidini, Gəncə İmamzadə kompleksini qeyd etmək olar. Bununla yanaşı, ölkəmizdə qədim kilsələr də mövcuddur. Mən xüsusilə Alban kilsələrini qeyd etmək istəyirəm. Eyni zamanda, pravoslav kilsələri, həmçinin Bakı, Oğuz və Qubada fəaliyyət göstərən sinaqoqları da qeyd edə bilərik. Dediyim kimi, tarixi-dini abidələrin qorunması və bərpası, bu prosesdə dini icmaların və din xadimlərinin rolu bugünkü konfransımızın əsas müzakirə mövzularındandır".

Komitə rəsmisi işğaldan azad olunmuş ərazilərdəki tarixi-dini abidələr arasında məscidlərin xüsusi yer tutduğunu vurğulayıb:

"Bu təsadüfi deyil. Çünki tarixi-dini abidələr yalnız ibadət məkanı və tarixi-mədəni irs nümunəsi deyil, onlar Azərbaycan xalqının tarixini, milli yaddaşını və keçmişlə bağlılığını özündə yaşadır. Həmin tarixi-dini abidələrin qorunması və gələcək nəsillərə çatdırılması Azərbaycan xalqının tarixinin və mədəni irsinin qorunması deməkdir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью