Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bizimyol.info TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Təhsil Akademiyasının vitse-prezidenti və bu ölkənin Elmlər Akademiyasının akademiki, epidemioloq Gennadi Onişenko bildirib.
O, virusun yalnız çox yaxın təmas yolu ilə ötürülə biləcəyini deyib.
“Ebola halları Rusiya üçün heç bir təhlükə yaratmır, çünki virusun epidemioloji potensialı yoxdur. Ebola ölkəmizə gətirilsə belə, bu, böyük bir problem olmayacaq”, - deyə Onişenko vurğulayıb.
Ebola virusu hazırda dünyada sürətlə yayılmaqdadır.
Ebola virusunun ölkəmizə yayılma riski varmı?Yaranan suala cavab tapmaq üçün Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə sorğu ünvanladıq.
Qurumdan Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib: “Azərbaycanda Ebola xəstəliyinin yayılma riski aşağı qiymətləndirilir və ölkəmiz üçün bu xəstəlik endemik hesab edilmir.
Beynəlxalq məlumatlara əsasən, epidemiyanın digər regionlara geniş miqyasda yayılma ehtimalı hazırda məhdud sayılır. Virus əsasən heyvanların (meyvə yarasaları, insanabənzər meymunlar və s.), eləcə də yoluxmuş şəxsin qanı və digər bioloji mayeləri ilə sıx təmas zamanı ötürülür və gündəlik sosial təmas yolu ilə yayılmır. Bu səbəbdən əhali üçün real epidemioloji təhlükə aşağı qiymətləndirilir.
Risklərin qarşısının alınması məqsədilə ölkəmizdə epidemioloji nəzarət tədbirləri davamlı şəkildə həyata keçirilir. Xəstəliyə şübhə yarandığı hallarda laborator müayinələrin aparılması üçün Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzində zəruri laborator baza və test sistemləri mövcuddur.
Həmçinin bildirilib: “Hazırkı mərhələdə əhali üçün əlavə məhdudiyyət və ya xüsusi tədbirlərə ehtiyac yoxdur. Vətəndaşlara yalnız beynəlxalq səfərlər zamanı ümumi gigiyena qaydalarına riayət etmək və rəsmi mənbələrin məlumatlarını izləmək tövsiyə olunur.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi vəziyyəti beynəlxalq təşkilatlarla birgə daim izləyir və zərurət yarandıqda ictimaiyyətə operativ məlumat veriləcəkdir”.
Günel Həsənova, Bizimyol.info