Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Hesablama Palatası əvvəllər müxtəlif ekoloji fondlara yönəldilən ödənişlərin “ekoloji vergi” adı altında vahid qaydada toplanmasını təklif edir.
Modern.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, məqsədli büdcə fondlarının, o cümlədən ekoloji fondların ləğvi fonunda əvvəlki gəlir mənbələri ilə xərc istiqamətləri arasında əlaqənin qorunması vacibdir.
Palata sədri hesab edir ki, həmin ödənişlərin Dövlət Vergi Xidməti xətti ilə vahid qaydada yığılması məqsədəuyğun olardı.
“Ekoloji qurumların əsas funksiyası yığım toplamaq yox, ekoloji nəzarətdir”, – deyə Vüqar Gülməmmədov vurğulayıb.
O, bu prosesdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin texniki ekspertizası ilə Dövlət Vergi Xidmətinin inzibatçılığının əlaqələndirilməsini təklif edib. Toplanan vəsaitlərin ekoloji risklər, ətraf mühitə təsir və bərpa prioritetləri üzrə bölüşdürülməsi mümkün hesab olunur.