Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Enerji səmərəliliyinin artırılması, nəqliyyat sisteminin daha təhlükəsiz, ekoloji cəhətdən təmiz olması və atmosferə atılan tullantıların azaldılması ölkəmizin dayanıqlı inkişafında əsas hədəflərdəndir.
Bu məqsədlə İqtisadiyyat, Rəqəmsal İnkişaf və Nəqliyyat və Maliyyə Nazirlikləri tərəfindən ölkəmizin avtobus parkının yenilənməsi istiqamətində müvafiq işlər görülür.
İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Çinin “BYD Company Limited” (BYD) şirkəti ilə Azərbaycanda elektrik avtobus istehsalının lokallaşdırılması layihəsi üzrə “Layihənin icra müqaviləsi”nin imzalanma mərasimi keçirilib.
Müqaviləni iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, maliyyə nazirinin müavini Azər Bayramov, BYD şirkətinin Mərkəzi Asiya və Qafqaz ölkələri üzrə icraçı direktoru Çao Şuan, “SARDA Group” şirkətinin təsisçisi, baş icraçı direktoru Rauf Xəlilov və “Electrify Azerbaijan” MMC-nin direktoru Tariyel Rüstəmov imzalayıblar.
Müqaviləyə əsasən, layihə çərçivəsində Azərbaycanda elektrik avtobusların istehsalının qurulması və ehtiyat hissələrinin lokallaşdırılması, 2030-cu ilə qədər mərhələli şəkildə lokallaşma səviyyəsinin 40 faizə çatdırılması nəzərdə tutulur.
Şirkətlə bağlanmış müqavilə əsasında COP29 konfransı çərçivəsində pilot olaraq ölkəmizə 160 ədəd elektrik mühərrikli BYD markalı avtobus gətirilib və marşrut xəttinə çıxarılıb.
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev layihənin əsas məqsədinin ölkəmizin ictimai nəqliyyat sistemini daha təmiz və səmərəli elektrik avtobuslarla təmin etmək və yerli istehsal potensialını genişləndirmək olduğunu vurğulayıb.