Azərbaycanda ən böyük fərdi intellektual yarış keçirilib

03.02.2026

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 3 fevral, Günel Türksoy, AZƏRTAC

Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən Azərbaycan Gəncləri Gününə həsr olunmuş silsilə tədbirlər çərçivəsində ölkənin ən böyük fərdi intellektual yarışı “Gəncİntellekt” təşkil olunub.

AZƏRTAC xəbər verir ki, fərdi intellektual yarış gənclərin müxtəlif sahələr üzrə biliklərini sınamaq və artırmaq, analitik və sürətli düşünmə qabiliyyətlərini gücləndirmək, fərdi potensialını üzə çıxarmaq və sağlam rəqabət mühiti formalaşdırmaq məqsədi daşıyır.

İntellektual yarışın açılış mərasimində çıxış edən Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev və Milli Məclisinin deputatı Naqif Həmzəyev qeyd ediblər ki, ölkədə gənclərin intellektual potensialının gücləndirilməsi, bilik və bacarıqlarının üzə çıxarılması baxımından bu cür yarışlar mühüm əhəmiyyət daşıyır. Çıxışlarda vurğulanıb ki, gənclərin fərdi inkişafına xidmət edən təşəbbüslərin dəstəklənməsi dövlət gənclər siyasətinin əsas prioritetlərindəndir və bu istiqamətdə həyata keçirilən layihələr gənclərin cəmiyyətin aktiv və məsuliyyətli üzvləri kimi formalaşmasına töhfə verir.

Qeyd edək ki, 16–29 yaşarası və intellektual gücünə güvənən 723 gənc biliklərini nümayiş etdirmək, intellektual mühitdə fərqlənmək və öz potensiallarını reallaşdırmaq üçün yarışdan qeydiyyatdan keçiblər. Komanda deyil, fərdi oyun formatında təşkil olunan “Gəncİntellekt” yarışında iştirakçılar müxtəlif mövzular üzrə hazırlanmış sualları cavablandırıblar. Yarış ikimərhələli seçim prosesi əsasında keçirilib. Belə ki, 310 gənc yarımfinal mərhələsində iştirak edib, daha sonra ən yüksək nəticə göstərən 64 gənc final mərhələlərində mübarizəni davam etdirmək hüququ qazanıblar. Final mərhələsinin yekununda 4 gənc intellektual mübarizənin qalibi olub.

Gənclərin həyəcanlı mübarizəsi ilə yadda qalan “Gəncİntellekt” fərdi intellektual yarışı Gənclər Fondu, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması, “Böyük Qayıdış” Gənclər Təşkilatı, “CAVAN” Gənclər Hərəkatı, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi və “Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Xatırladaq ki, Gənclər Fondu tərəfindən Azərbaycan Gəncləri Gününə həsr olunmuş genişmiqyaslı tədbirlər “GəncVİZYON” İdeyatonu və “GəncTALKS” Motivasiya Platforması ilə davam edəcək. Silsilə tədbirlər gənclərin sosial fəallığının artırılması, yaradıcılıq və innovativ düşüncə tərzinin təşviqi, eləcə də onların asudə vaxtlarının səmərəli təşkili məqsədi daşıyır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью