Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Hacıbəy Heydərli,
Mətbuat Şurası İdarə
Heyətinin üzvü, MŞ Sosial Media İstifadəçiləri ilə Əlaqələr Komissiyasının sədri
DataReportal-ın Digital 2027: Azerbaijan hesabatına əsasən, Azərbaycanda sosial media istifadəçilərinin sayı 8,44 milyona çatıb. Bu, ölkə əhalisinin təxminən 80,6 faizinə bərabərdir.
Hesabatda diqqətçəkən məqamlardan biri "TikTok”un Azərbaycanda böyük auditoriyaya malik olması və ən yaxın rəqibini 2 dəfə üstələməsidir.
Azərbaycanda TikTok-un 18 yaşdan yuxarı auditoriyası üzrə hesablanan göstərici 8,44 milyon, Instagram-ın göstəricisi isə 4,15 milyon nəfərdir. Qeyd edim ki, bu rəqəmlər unikal istifadəçilərin sayını əks etdirmir. Bir şəxsin bir neçə hesabı da statistikaya daxil ola bilər.
TikTok Azərbaycanda ən sürətlə böyüyən sosial platformadır. 2025-ci ilin yanvarı ilə 2026-cı ilin oktyabrını müqayisə etdikdə platformanın auditoriya göstəricisinin 6,73 milyondan 8,44 milyona yüksəldiyini görürük. Bu, 1,71 milyonluq və ya təxminən 25,4 faizlik artım deməkdir.
Instagram üzrə isə fərqli tendensiya müşahidə olunur. 2025-ci ilin oktyabrından 2026-cı ilin oktyabrına qədər Azərbaycanda platformanın hesablanan auditoriya əhatəsi 100 min nəfər, yaxud 2,4 faiz azalıb. Bu, Instagram-ın ölkəmizdəki mövqeyinin azaldığını göstərir.
Facebook-da da artıq uzun illərdir ki, geriləmə müşahidə olunur.
DataReportal hesabatlarına əsasən, platformanın Azərbaycandakı auditoriya göstəricisi 2025-ci ilin əvvəlindəki 1,65 milyondan 2026-cı ilin oktyabrında 1,5 milyona düşüb. Bu, 150 min nəfərlik və ya təxminən 9,1 faizlik azalma deməkdir.
Bütün bu göstəricilər Azərbaycanda sosial media mənzərəsinin dəyişdiyini, istifadəçi marağının və rəqəmsal informasiya istehlakının yeni istiqamətlər qazandığını göstərir.
Xüsusilə, TikTok Azərbaycanda sürətlə yüksələn platforma kimi diqqət çəkir, Instagram böyük auditoriyasını qorusa da müəyyən azalma yaşayır, Facebook isə mövqelərini itirir.
Bu rəqəmlər media qurumları və jurnalistlər üçün də mühüm mesajdır: auditoriyanın toplandığı sosial platformalarda təmsil olunmaq, həmin platformalara inteqrasiya etmək və aktiv fəaliyyət göstərmək artıq zərurətə çevrilib.