Azərbaycanda ən gənc icra başçıları onlardır 37 yaşları var

12.11.2026

Icma.az bildirir, Modern.az portalına istinadən.

Son vaxtlar Azərbaycanda icra hakimiyyətlərinin rəhbərliyinə xeyli gənc kadrların təyinatı aparılır. Axırıncı təyinatdan sonra bu siyahıda 37 yaşlı icra başçıları xüsusi diqqət çəkir.
Maraqlıdır, hazırda ölkənin ən gənc icra başçıları kimlərdir, neçə yaşları var və onlar hansı vəzifələrdən bu posta gətiriliblər?

Modern.az saytı mövzunu araşdırıb.
Prezident İlham Əliyevin icra başçıları ilə bağlı sonuncu sərəncamı bu il oktyabrın 22-də imzalanıb. Həmin sərəncamla Orxan Məmmədov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 37 yaşlı O.Məmmədov hazırda üç ən gənc icra başçısından biridir. 
Yardımlının icra başçısı


Orxan Fərmayıl oğlu Məmmədov 1989-cu il oktyabrın 2-də Cəbrayıl rayonunda anadan olub. 1995–2006-cı illərdə Nəsimi rayonu 42 saylı tam orta məktəbində təhsil alıb.

2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bitirib.

2010–2011-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub.

2011–2015-ci illərdə Bakı Dövlət Universitetini hüquqşünaslıq ixtisası üzrə bitirib.

2017–2019-cu illərdə Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsində məsləhətçi vəzifəsində işləyib. 2019–2023-cü illərdə Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb.

2022–2024-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət və bələdiyyə idarəetməsi ixtisasının dövlət qulluğunun təşkili və idarə edilməsi ixtisaslaşması üzrə magistr dərəcəsi alıb.

2023–2025-ci illərdə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri vəzifəsində işləyib. 2025–2026-cı illərdə Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini olub.

Ölkə Prezidentinin 2026-cı il 22 oktyabr tarixli Sərəncamı ilə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Neftçalanın icra başçısı


Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov gənc icra başçılarının ilk "üçlüyü"ndə yer alır.
Mirhəsən Mirheydər oğlu Seyidov 15 iyul 1989-cu ildə Sumqayıt şəhərində anadan olub. O, 5 mart 2020-ci ildə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Mirhəsən Seyidovun təyinatı zamanı da yaşı diqqət çəkmişdi. Belə ki, o, 2020-ci ildə 31 yaşında rayon rəhbəri vəzifəsinə gətirilmişdi. Bu, Azərbaycanda ən gənc icra başçısı təyinatı idi. İndi onun 37 yaşı var.
Mirhəsən Seyidov 2006-cı ildə orta məktəbi bitirib. 2010-cu ildə Azərbaycan Universitetinin Vergi və Vergitutma fakültəsində balavr təhsili alıb. 2012-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq biznes MBA üzrə magistr təhsili alıb. 2010-2011-ci illərndə həqiqi hərbi xidmət keçib. Bir sıra ictimai təşkilatlarda çalışıb.
2012-ci ildə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında sədr müavini postunu tutub. 2014-cü ilin iyununda İRƏLİ” İctimai Birliyinin sədri seçilib.
2017-ci ildə Azərbaycan Gənclər Fondunun Müşahidə Şurasının üzvü təyin edilib.
2020-ci ilin 5 mart tarixində Neftçala Rayon İcra Hakimiyyətinin başçısısı vəzifəsinə təyinat alıb.
Naftalanın icra başçısı


Məmmədiyə Süleyman oğlu Məmmədov 1989-cu ildə Bakı şəhərində anadan olub.
2005–2009-cu illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq hüquq fakültəsində hüquqşünas ixtisası üzrə bakalavriat təhsili alıb.

2009–2011-ci illərdə Böyük Britaniyanın London şəhərində Regents Universitetində biznesin idarə edilməsi ixtisası üzrə təhsil alıb.

2015–2017-ci illərdə Moskva Dövlət Humanitar İqtisadiyyat Universitetində iqtisadiyyat ixtisası üzrə magistr təhsilinə yiyələnib.

2025-ci ildə ABŞ-ın Harvard Universitetinin dövlət idarəçiliyi strategiyasının icrası üzrə kursunu bitirib.

2013-2022-ci illərdə Xarici İşlər Nazirliyində, o cümlədən Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində, Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğunda müxtəlif diplomatik vəzifələrdə, 2022-ci ilin iyul ayından Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsində - Baş məsləhətçi, Sektor müdiri vəzifələrində çalışıb.

28 sentyabr 2026-cı ildə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

37 yaşlı M.Məmmədov Yeni Azərbaycan Partiyasının üzvüdür. Evlidir, iki övladı var.
Gənc yaşda rəhbər vəzifəyə gələn digər başçılar


Ən gənc icra başçıları sırasında 37 yaşlı şəxslərlə yanaşı, 40 yaşlarında olan rəhbərlər də var. Onların arasında:

Ovni Muradov – Babək Rayon İcra Hakimiyyətinin başçısı. 1983-cü il təvəllüdlüdür.

Orxan Hüseynzadə – Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı. 1983-cü il təvəllüdlüdür.

Elnur Rzayev – Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı. 1980-ci il təvəllüdlüdür.

Asif Hüseynov – Şabran Rayon İcra Hakimiyyətinin başçısı. 1981-ci il təvəllüdlüdür.
A.Qorxmaz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью