Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.
Azərbaycanda regionların iqtisadi inkişaf səviyyəsi və əhalinin gəlir göstəriciləri sənaye strukturu, təbii ehtiyatlar və dövlət investisiyalarının yönləndirilməsindən asılı olaraq fərqlənir.
“Yeni Sabah” xəbər verir ki, Dövlət Statistika Komitəsinin (DSK) rəsmi məlumatlarına əsasən, respublika tabeli iri şəhərlər istisna olmaqla, orta aylıq nominal əməkhaqqı səviyyəsinə görə öndə gedən rayonlar əsasən dağ-mədən hasilatının və iri bərpa-infrastruktur layihələrinin cəmləşdiyi ərazilərdir. Bu bölgələrdə yüksək əməkhaqqı fondu və aktiv iqtisadi layihələr rayonların ümumi gəlir mənzərəsini digər inzibati vahidlərlə müqayisədə daha üstün səviyyəyə çıxarır.
1. Daşkəsən rayonu Onlayn mağaza
Rəsmi maaş statistikasına görə, Daşkəsən təkcə rayonlar arasında deyil, hətta paytaxt Bakını belə geridə qoyaraq ölkədə ikinci yerdə qərarlaşıb. Burada muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1 543,6 manat təşkil edir ki, bu da ölkə ortalamasından (1 172,7 manat) təxminən 371 manat yüksəkdir. Göstəricinin bu qədər yüksək olmasının əsas səbəbi rayonda qızıl və dəmir filizi yataqlarının istismarı ilə məşğul olan iri hasilat və dağ-mədən sənayesi müəssisələrinin fəaliyyətidir.
2. Şuşa rayonu
İşğaldan azad edilmiş ərazilərdə aparılan sürətli bərpa-quruculuq işləri və dövlət proqramları çərçivəsində yaradılan yeni iş yerləri Şuşanı ölkənin ən yüksək gəlirli rayonları sırasına çıxarıb. Rəsmi rəqəmlərə əsasən, rayonda orta aylıq əməkhaqqı 1 144,7 manat səviyyəsindədir. Tikinti, turizm, xidmət və dövlət idarəçiliyi sektorlarında çalışan mütəxəssislər üçün tətbiq edilən əlavə güzəştlər və əməkhaqqı əmsalları bu göstəriciyə birbaşa təsir edir.
3. Xocalı rayonu
Siyahının üçüncü pilləsində 1 138,8 manat orta aylıq nominal əməkhaqqı ilə Xocalı rayonu yer alır. Böyük Qayıdış proqramı çərçivəsində infrastrukturun yenidən qurulması, aqrar və sənaye sahələrinə yatırılan investisiyalar, eləcə də əmək qabiliyyətli əhalinin məşğulluğunun yüksək əməkhaqqı fondu ilə təmin olunması rayonu statistik göstəricilərə görə ilk üçlüyə daxil edib.
4. Zəngilan rayonu
Şərqi Zəngəzur iqtisadi rayonunun əsas logistika və nəqliyyat qovşaqlarından biri olan Zəngilanda orta aylıq əməkhaqqı 1 089,8 manat təşkil edir. Beynəlxalq hava limanının, avtomobil və dəmir yolu dəhlizlərinin tikintisi, "ağıllı kənd" layihələri və aqroparkların fəaliyyəti rayonda rəsmi gəlirlərin ölkənin digər regionları ilə müqayisədə xeyli yüksək formalaşmasına zəmin yaradıb.
5. Gədəbəy rayonu
İlk beşliyi qərb bölgəsinin dağ-mədən sənayesi mərkəzlərindən olan Gədəbəy rayonu tamamlayır. Rəsmi statistikaya görə, burada orta aylıq nominal əməkhaqqı 1 023 manat həddindədir. Daşkəsəndə olduğu kimi, Gədəbəydə də qızıl-mis emalı və hasilatı sənayesinin inkişafı, eləcə də özəl sektorda yüksəkixtisaslı işçi qüvvəsinə olan tələbat əməkhaqqı göstəricilərini 1000 manat həddindən yuxarı saxlayır.
Qeyd: Ümumi siyahıda ölkə üzrə ən yüksək orta aylıq əməkhaqqı respublika tabeli Xankəndi (1 658,8 manat) və Bakı (1 479,4 manat) şəhərlərində qeydə alınıb. İqtisadi dövriyyə və sənaye məhsulu istehsalının ümumi həcminə görə baxıldıqda isə paytaxta yaxınlığı və sənaye zonalarının çoxluğu səbəbindən Abşeron rayonu regionlar arasında lider mövqeyini qoruyur.