Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Biləsuvar rayonunda 37 yaşlı kişi həyat yoldaşına xəsarət yetirməkdə ittiham olunub. Avtosfer.az “Konkret.az”a istinadən xəbər verir ki, hadisə bu il fevralın 1-də baş verib. 1989-cu il təvəllüdlü Əlvan (ad şərtidir – red.) gecə saat 02:00 radələrində yaşadıqları evdə həyat yoldaşı Telli (ad şərtidir – red.) ilə mübahisə edib. Ailə münaqişəsi zəminində yaranan mübahisə dava ilə nəticələnib. İstintaq materiallarına görə, qadın mübahisə zamanı ərinə qarşı nalayiq ifadələr işlədib. Bundan hiddətlənən Əlvan həyat yoldaşını bir neçə dəfə yumruqla sinə və boğaz nahiyəsindən vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Faktla bağlı Əlvan barəsində Cinayət Məcəlləsinin 128.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Əlvan ittiham üzrə özünü təqsirli bilib. O, zərərçəkmiş şəxslə barışdığını, vurduğu ziyanı tam ödədiyini və zərərçəkmişin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib. Zərərçəkmiş Telli də məhkəmədə Əlvanın dediklərini təsdiqləyərək onunla barışdığını və şikayətçi olmadığını deyib. Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə Əlvan cinayət məsuliyyətindən azad edilib və onun barəsində aparılan cinayət təqibinə xitam verilib.