Azərbaycanda film kimi hadisə HOLDİNQİN MİLYONLARINI TALAYIB AMERİKAYA KÖÇDÜ

03.02.2026

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ölkənin ən böyük holdinqlərindən biri –  NEQSOL Holdinqin Müşahidə Şurasının üzvü, holdinqin maliyyə işlərinə əsas cavabdeh olan Rauf Ağayev yoxa çıxıb.

Bu barədə Gununsesi.info-ya daxil olan məlumatda bildirilir.

Belə ki, məzuniyyət adıyla ABŞ-a gedən Rauf Ağayevin bir müddət sonra geri dönməməsi Holdinq rəhbərliyində şübhə yaradıb.

Ancaq onun Azərbaycanı birdəfəlik tərk etməsi barədə məlumatdan sonra aydın olub ki, Rauf Ağayev NEQSOL Holdinqdən on milyonlarla vəsaiti müxtəlif yollarla xaricə köçürüb.

Bildirilir ki, bu proses son 2-3 il ərzində müəyyən mərhələlərlə  baş verdiyindən kimsə xəbər tuta bilməyib. O, Azərbaycanı tərk etməzdən əvvəl isə ailə üzvlərini, həmçinin, digər yaxın qohumlarını da ABŞ-a köçürüb.

Saytımızın əldə etdiyi məlumata görə, Holdinqin sahibi Nəsib Həsənov uzun illər əmək verdiyi və yüksəltdiyi Rauf Ağayevin bu addımından şoka düşüb.

Məlumata görə, holdinq rəhbərliyinin  Rauf Ağayevlə əlaqə saxlamaq cəhdləri mümkünsüzdür.

Bildirilir ki, Rauf Ağayev  Nəsib Həsənovun NEQSOL Holdinqdə ən etibarlı şəxslərindən biri olub.

Elə holdinqin rəsmi səhifəsində Rauf Ağayev haqqında yazılanlar da bunu göstərir:

Rauf Ağayev maliyyə, investisiya və korporativ idarəetmə sahələrində geniş beynəlxalq təcrübəyə malik yüksək səviyyəli rəhbər şəxsdir.

Cənab Ağayev eyni zamanda bir neçə rəhbər vəzifəni icra edir. O, Nəsib Həsənovun Səhmdar Ofisi Inviglob Holding-in baş direktoru olaraq enerji, infrastruktur və digər əsas sahələri əhatə edən geniş qlobal portfeli idarə edir.

Cənab Ağayev, həmçinin Nobel Energy Americas şirkətinin prezidenti və Nobel Energy şirkətinin maliyyə direktoru olaraq, şirkətin beynəlxalq enerji əməliyyatları üçün maliyyə strategiyasının və korporativ inkişafın rəhbərliyini həyata keçirir.

Məsələ ilə bağlı NEQSOL Holdinqə ünvanladığımız rəsmi soğru da cavabsız qalıb.

Ona görə də NEQSOL Holdinqin mövqeyini işıqlandırmağa hazır olduğumuzu bəyan edirik.

Qeyd edək ki, NEQSOL Holding əsas fəaliyyət istiqamətləri enerji, telekommunikasiya, yüksək texnologiyalar, tikinti və mədən sənayeləri olan beynəlxalq şirkətlər qrupudur.

Elmar

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью