Azərbaycanda gülçülüyü inkişaf etdirmək üçün nələr edilməlidir?

16.11.2026

Banco.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Ölkəmizdə gülçülüyün inkişafı üçün kifayət qədər iqtisadi və aqroiqlim potensialı mövcuddur. Ölkənin müxtəlif iqlim qurşaqları, torpaq ehtiyatları və əlverişli coğrafi mövqeyi bu sahənin genişləndirilməsi üçün imkanlar yaradır. Hesab edirəm ki, gülçülüyə yalnız dekorativ bitkiçilik sahəsi kimi deyil, həm də idxalın əvəzlənməsi, ixracın artırılması və kənd yerlərində məşğulluğun genişləndirilməsi baxımından yanaşmaq lazımdır".

Bunu iqtisadçı ekspert Günay Hüseynova Banco.az-a açıqlamasında bildirib.

İqtisadçının sözlərinə görə, xarici ticarət göstəriciləri də bu istiqamətdə ciddi imkanların olduğunu göstərir: "Belə ki, 2025-ci ildə Azərbaycanın təzə kəsilmiş güllər üzrə idxalı təxminən 15 milyon ABŞ dolları və 854 ton təşkil edib. 2024-cü ildə isə bu göstərici 12,96 milyon dollar və 661 ton olub. Bu, bir il ərzində idxalın fiziki həcminin təxminən 29 faiz artması deməkdir. Eyni zamanda, ixracın həcminin aşağı olması yerli istehsalın inkişaf etdirilməsinə ehtiyac olduğunu göstərir".

"İlk növbədə, müasir istixana təsərrüfatlarının yaradılması, damcı suvarma sistemlərinin tətbiqi, keyfiyyətli ting və toxum istehsalının təşviqi vacibdir. Abşeron, Aran və Lənkəran-Astara iqtisadi rayonlarının iqlim xüsusiyyətlərinə uyğun ixtisaslaşmış gülçülük təsərrüfatlarının yaradılması məqsədəuyğun olardı. Bununla yanaşı, sahibkarlara güzəştli kreditlərin verilməsi, texnoloji avadanlıqların subsidiyalaşdırılması və özəl investisiyaların cəlb edilməsi istehsalın genişlənməsinə təkan verə bilər", - deyə iqtisadçı əlavə edib.

Günay Hüseynova həmçinin vurğulayıb ki, digər mühüm məsələ məhsulun satış və ixrac infrastrukturunun formalaşdırılmasıdır: "Güllər tez xarab olan məhsullar olduğundan soyuducu anbarların, çeşidləmə və qablaşdırma mərkəzlərinin yaradılması xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, Rusiya, Gürcüstan və Mərkəzi Asiya bazarlarına çıxış imkanları araşdırılmalıdır.

Proqnozlara gəldikdə, məqsədyönlü investisiyalar və dövlət dəstəyi təmin olunarsa, qarşıdakı 5 il ərzində yerli istehsal hesabına təzə kəsilmiş gül idxalının 20-25 faizinin əvəzlənməsini ilkin hədəf kimi müəyyən etmək mümkündür. Sonrakı mərhələdə bu göstəricinin 30-40 faizə çatdırılması da real inkişaf ssenarisi ola bilər. Bu, təxminən 170-340 ton məhsulun yerli istehsal hesabına təmin edilməsi deməkdir.

Ümumilikdə, ölkəmizin gülçülüyü qeyri-neft sektorunun perspektivli və gəlir gətirən istiqamətlərindən birinə çevirə bilər. Bunun üçün əsas prioritet istehsalın həcmini artırmaqla yanaşı, məhsuldarlığı yüksəltmək, maya dəyərini azaltmaq, daxili bazarı yerli məhsulla təmin etmək və ixrac potensialını formalaşdırmaq olmalıdır. Düzgün iqtisadi siyasət və özəl sektorun fəal iştirakı ilə gülçülük ölkənin aqrar iqtisadiyyatına əlavə dəyər qazandıra bilər".

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью