Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda haqsız rəqabətlə bağlı 37 subyekt haqqında araşdırma aparılıb.
Milli.Az xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin şöbə müdiri Şahin Nağıyev qurumun təşkil etdiyi "Haqsız rəqabət sahəsində tənzimləmələr və təbii inhisar sahəsində dövlət nəzarəti" adlı tədbirdə bildirib.
O bildirib ki, bu araşdırmaların gedişatında artıq 14 subyekt pozuntuları könüllü şəkildə aradan qaldırıb: "Müraciət edənlərin haqsız rəqabətə məruz qalma hallarının aradan qaldırıldığı nəzərə alınaraq, bu faktlar qeydiyyata alınıb. Digər məsələlər üzrə isə 20 subyekt barəsində rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb və həmin işlərə baxılması yekunlaşıb. İşlərin ən çox qaldırılma səbəbi 25 əmtəə nişanından qanunsuz istifadə ilə bağlıdır. Bu tendensiya beynəlxalq təcrübədə də özünü göstərir və dünyada üstünlük təşkil edir".
Şöbə müdirinin sözlərinə görə, Azərbaycandakı sahibkarlıq subyektləri öz mallarına ticarət markası və əmtəə nişanı almaqda maraqlıdırlar: "Təbii ki, onlar bu əmtəə nişanlarını öz nüfuzlarını qorumaq üçün əldə edir. Əgər əmtəə nişanından digər təsərrüfat subyektləri qanunsuz istifadə edirsə, bu halda bizə şikayət edirlər. Əmtəə nişanından qanunsuz istifadə ilə bağlı müraciət etməklə yanaşı, həmin subyektlərin mövcud qanunvericiliyə əsasən məhkəmədə iddia qaldırmaq hüquqları da var. Bildiyimiz kimi, dəymiş ziyanın ödənilməsi tələbi məhkəmə qaydasında həyata keçirilməlidir. Rəqabət orqanının qaldırdığı işlərin 18-i əmtəə nişanından qanunsuz istifadə, 5-i isə digər haqsız rəqabət halları üzrə olub. Bu hallara həm istehlakçıların çaşdırılması, həm də haqsız rəqabətin digər formaları daxildir. Ümumilikdə, qeyd etdiyim kimi, Rəqabət Məcəlləsinə əsasən haqsız rəqabətlə bağlı araşdırmalar davam etdirilir".
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)