Azərbaycanda hər 100 min nəfərə 25 vəkil düşür

30.10.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

“Pensiya və sosial müavinətlərlə bağlı dövlət orqanlarının qərarlarından şikayət edən, müxtəlif problemlərlə üzləşən vətəndaşlarımızın peşəkar hüquqi dəstəyə ehtiyacı var”.

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisin bu gün keçirilən plenar iclasında “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, 2024-cü ildə Azərbaycanda hər nəfərə düşən dövlət hüquqi yardım xərci 0,28 avro təşkil edib. Şərq Tərəfdaşlığı ölkələri üzrə orta göstərici isə 0,86 avrodur.

Vəkillərin sayına toxunan Zahid Oruc qeyd edib ki, 2020-ci ildə ölkəmizdə hər 100 min nəfərə 20,4 vəkil düşdüyü halda, 2024-cü ildə bu göstərici 24,6-ya yüksəlib. Hazırda Azərbaycanda 3 003 vəkil fəaliyyət göstərir. Avropa üzrə hər 100 min nəfərə düşən vəkillərin orta sayı isə 180-dir.

Deputat əlavə edib ki, vəkillərin ölkə üzrə bölgüsü də bərabər deyil və onların yalnız kiçik hissəsi regionlarda fəaliyyət göstərir.

Zahid Orucun sözlərinə görə, 2024-cü ilin məlumatlarına əsasən, Azərbaycanda 631 hakim fəaliyyət göstərir. Bu, hər 100 min nəfərə 6,2 hakim deməkdir. Müqayisə üçün, həmin göstərici Gürcüstanda 9,9, Ukraynada 12,1, Moldovada isə 13,7-dir.

O, məhkəmə orqanlarında iş yükünün yüksək olduğunu nəzərə alaraq hakim və vəkillərin sayının artırılmasının, eləcə də pulsuz hüquqi yardım sisteminin təkmilləşdirilməsinin vacibliyini vurğulayıb.

Zeynəb Rzayeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью