Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Azərbaycanda din dövlətdən, məktəb də dindən ayrıdır”.
“Qafqazinfo” xəbər verir ki, bunu Qafqaz Müsəlmanlar İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə “Real TV”yə müsahibəsində bildirib.
“Biz dövlətin qərarlarına qarşı heç bir şey demək iqtidarında deyilik. Amma vətəndaş kimi danışa bilərik. Hələ bundan əvvəlki dövrlərdə hicab məsələsi ortaya gətirilib, mən hicabın müzakirə mövzusu olmadığını bəyan etmişəm. Bu gün də onu deyirəm, təkrar edirəm.
Hicab Allahın bizə göndərdiyi vacib məsələdir. Onun necə, nə cür, hansı yaşda müsəlmanlar tərəfindən istifadə edilməsini alimlər bilirlər. Məktəbli formaları ilə bağlı qaydalarda hicab yazılmayıb, həmçinin Azərbaycanda da hicab qadağan olunmayıb. Azərbaycanda hicabın qadağan olunmasını mən heç yerdə görmürəm. Mədrəsələr, dini tədris ocaqları var, öz gördüyümü deyirəm. İnsanlar, uşaqlar da hicablı şəkildə gəlib tədris alırlar. Amma dövlət məktəblərində bu qərar qəbul edilib.
Çox heyifsilənirəm ki, bəzi qüvvələr həm daxildə, həm də xaricdə Azərbaycanda İslama, müsəlmanlara əziyyət verildiyi, sıxışdırıldığı ilə bağlı fikirlər yaymağa çalışırlar. Bunu siyasiləşdirirlər, bu məni narahat edir. Məktəbli formalarını siyasi məsələ kimi istifadə edərək dövlətçiliyə dil uzadır, müəyyən insanları dövlətə qarşı qaldırırlar. Bu, qəbulolunmazdır. Ona görə qəbuledilməzdir ki, insanlar Azərbaycanın müstəqilliyini bərpa etmək üçün canlarından, qanlarından keçiblər.
Bir çox dövlətlərdə oluram, dünya müsəlmanlarının Ağsaqqallar Şurasının üzvüyəm. Əbəs yerə ora seçilməmişik. Azərbaycan yaratdığı şərait imkan yaradır ki, bizi orada örnək kimi görürlər, - deyə Şeyx qeyd edib.