Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. Qlobal miqyasda alternativ enerjiyə keçid sürətlənməkdədir.
Lakin real vəziyyət göstərir ki, ənənəvi yanacaq növləri hələ uzun illər dünya iqtisadiyyatında mühüm rol oynamaqda davam edəcək.
Bunun əsas səbəbi alternativ enerji istehsalının hələlik tələb olunan həcmdə olmamasıdır.
Bu vəziyyətin yaxın onilliklərdə köklü şəkildə dəyişəcəyi gözlənilmir.
Məhz bu kontekstdə təbii qaz və xüsusilə neft müasir dünyada qlobal iqtisadiyyatın, sənayenin və beynəlxalq münasibətlərin əsas dayaqlarından biri olaraq qalır.
XIX əsrin sonlarından etibarən sənaye inqilabının sürətlənməsi ilə neftə olan tələbat kəskin şəkildə artıb.
XXI əsrdə isə bu enerji resursunun strateji əhəmiyyəti daha da güclənib.
Bu gün neft təkcə enerji mənbəyi deyil, eyni zamanda iqtisadi, siyasi və geosiyasi faktor kimi dünya nizamının formalaşmasına təsir göstərir.