Marja.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanda ilin 7 ayı turizm üçün qeyri-mövsüm hesab edilir
Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiq edilib.
Marja xəbər verir ki, Azərbaycanda turizm sektorunun əsas problemlərindən biri fəaliyyətin ilin məhdud dövründə cəmləşməsidir. Dövlət Proqramında ilin 7 ayının turizm üçün qeyri-mövsüm, 5 ayının isə mövsüm dövrü olduğu bildirilir.
İyun, iyul, avqust, sentyabr və dekabr turizm mövsümünün əsas ayları kimi təsnif edilib. 2019–2022-ci illərdə yerləşmə xidmətlərindən əldə edilən gəlirlərin 51,2%-i həmin 5 ayın payına düşüb. Gəlirlərin 34,1%-i yalnız iyun, iyul və avqust aylarında formalaşıb.
İctimai iaşə dövriyyəsinin 2024-cü ildə 48,2%-i, 2025-ci ildə isə 47,1%-i mövsüm hesab edilən 5 ay ərzində əldə olunub.
Aprel, may və oktyabrda yerləşmə xidmətlərindən əldə olunan gəlirlərin orta aylıq göstəricidən cəmi 0–10% aşağı olduğu müəyyən edilib. Buna görə həmin ayların təşviq tədbirləri vasitəsilə əlavə turizm mövsümünə çevrilməsi mümkün hesab olunur.
Mövsümiliyin azaldılması üçün yeni turizm məhsullarının yaradılması, hədəf bazarların şaxələndirilməsi, qiymət siyasətinin dəyişdirilməsi, qış, sağlamlıq, qastronomiya və işgüzar turizmin inkişaf etdirilməsi nəzərdə tutulur.