GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Gənclərimizin əmək bazarına çıxışında ciddi və sistemli bir problem mövcuddur: işəgötürən təcrübə tələb edir, gənc isə təcrübəni yalnız işləməklə qazana bilər. Bu ziddiyyət illərdir aradan qaldırılmır və nəticədə minlərlə gənc ya işsiz qalır, ya da qeyri-rəsmi məşğulluğa məcbur olur”.
Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Razi Nurullayev deyib.
“Təşəbbüsüm bu sistem boşluğunun qanunvericilik səviyyəsində doldurulmasına yönəlib. Təklif edirəm ki, ilk dəfə rəsmi əmək müqaviləsi ilə işə qəbul olunan gəncləri işə götürən müəssisələr üçün vergi və sosial sığorta güzəştləri tətbiq edilsin. Bu addım işəgötürən üçün əlavə yükü azaldacaq, gənclər üçün isə real iş imkanları yaradacaq.
Eyni zamanda dövlət–özəl sektor əməkdaşlığı çərçivəsində “ilk iş yeri” proqramlarının qanunla təsbit olunması vacibdir. Bu proqramlar sadəcə statistik məşğulluq deyil, konkret müddət, real bacarıq və davamlı iş perspektivi üzərində qurulmalıdır.
Bu təşəbbüsün məqsədi yalnız gəncləri işlə təmin etmək deyil. Məqsəd gənc kadr potensialını itirməmək, insan kapitalına erkən investisiya qoymaq, qeyri-rəsmi məşğulluğun qarşısını almaq və uzunmüddətli iqtisadi inkişaf üçün sağlam əmək bazarı formalaşdırmaqdır”, – deputat vurğulayıb.
Safura Bənnayeva
Globalinfo.az