Azərbaycanda insanlara heyvan orqanları köçürüləcək? Açıqlama

03.02.2026

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi, Azərbaycanda iki nəfərə meyitdən ürək köçürülüb. Ölkədə və bütövlükdə Qafqaz regionunda ilk dəfə meyit donorun ürəyinin köçürülməsi təkcə tibbi deyil, həm də ictimai baxımdan mühüm hadisə kimi qiymətləndirilir. Bu əməliyyat bir insanın həyatını xilas etməklə yanaşı, ölkədə transplantologiyanın real imkanlarını və gələcək perspektivlərini gündəmə gətirib. Əməliyyat olunan gəncin səhhətinin yaxşı olması isə cəmiyyətdə orqan donorluğu ilə bağlı müzakirələri daha da aktuallaşdırıb.

Meyitdən ürək köçürülməsi ilə bağlı həkimlərin rəyi nədən ibarətdir? Bu cür transplantasiya əməliyyatları beyinlə bağlı da mümkündürmü? Məsələn, başı ciddi zədə alan şəxsə başqa bir insanın beyninin köçürülməsi realdırmı? Kimlər öldükdən sonra orqanlarını vəsiyyət edərək donor ola bilər?

Globalinfo.az-a danışan ekspert, tibb üzrə elmlər doktoru Adil Qeybulla deyib ki, ya canlı insanlar, ya da beyin ölümü keçirmiş şəxslər orqan donoru ola bilərlər:

“Burada da orqan beyin ölümü keçirmiş şəxsdən götürülərək köçürülüb. Baş beynin və ya onurğa beyninin köçürülməsi hazırda mümkün deyil. Lakin ürək köçürülməsi realdır və bu əməliyyat artıq Azərbaycanda həyata keçirilib”.

Mütəxəssis bildirib ki, hazırda dünyada donuzlar üzərində genetik modifikasiya aparılaraq onların orqanlarının insan orqanizminə uyğunlaşdırılması istiqamətində uğurlu elmi tədqiqatlar aparılır:

“Yaxın gələcəkdə bu sahədə ciddi irəliləyişlərin əldə olunacağı və donuz orqanlarının insanlara köçürülməsinin mümkün olacağı gözlənilir. Lakin hazırda bu praktika tam tətbiq edilmir. İndiki mərhələdə donor mənbəyi kimi canlı insanlar cüt orqanlarından birini və ya qaraciyərin bir hissəsini bağışlaya bilər. Digər halda isə orqanlar yalnız beyin ölümü baş vermiş şəxslərdən, valideynlərin razılığı əsasında götürülə bilər. Gələcəkdə bu sahədə yeni hüquqi mexanizmlərin formalaşdırılması da istisna edilmir”.

Zaira Akifqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью