Banco.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Müəllif: Şəbnəm İbrahimxəlilova,Banco.az
Xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi iqtisadi inkişafın, yeni iş yerlərinin yaradılmasının və qeyri-neft sektorunun genişləndirilməsinin əsas amillərindən biridir. Azərbaycan son illərdə investisiya mühitinin yaxşılaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi və xarici investorlar üçün yeni imkanların yaradılması istiqamətində müxtəlif addımlar atır.
Bəs hazırda Azərbaycan xarici investorlar üçün nə dərəcədə cəlbedicidir? Ölkəyə investisiya axınını artıran amillər hansılardır və hansı maneələr xarici kapitalın cəlb olunmasını çətinləşdirir?
İqtisadçı Natiq Cəfərli Banco.az-a bildirir ki, Azərbaycan enerji sahəsində xarici investorlar üçün kifayət qədər cəlbedici ölkədir.
“Son illərdə ölkənin enerji sektoruna, xüsusilə neft-qaz sənayesinə, eləcə də bərpa olunan enerji istiqamətlərinə – günəş və külək enerjisi layihələrinə on milyardlarla dollar həcmində xarici investisiyalar cəlb olunub. Bu baxımdan Azərbaycanın enerji sahəsində xarici investorlarla əməkdaşlıq təcrübəsi kifayət qədər genişdir və ölkə bu istiqamətdə mühüm layihələr həyata keçirir.
Lakin əsas problem real sektora, xüsusilə qeyri-neft sektoruna xarici investisiyaların cəlb edilməsi ilə bağlıdır. Bu sahəyə yönələn investisiyaların həcmi mövcud potensialla müqayisədə çox azdır. Başqa sözlə, enerji sektorunda əldə olunan investisiya uğurunu qeyri-neft sektorunda hələlik eyni səviyyədə müşahidə etmirik”.
O deyir ki, bunun üçün Azərbaycanın investisiya cəlbediciliyini əhəmiyyətli dərəcədə artırması lazımdır. “İlk növbədə, investorların hüquqlarının və yatırımlarının qorunması istiqamətində daha etibarlı mexanizmlər formalaşdırılmalıdır. Bununla yanaşı, xarici investorlar üçün vergi və gömrük güzəştlərinin tətbiqi, bazara çıxış imkanlarının sadələşdirilməsi, lisenziyaların alınması və digər inzibati prosedurların asanlaşdırılması vacibdir.
Bütün bu istiqamətlər üzrə investorlar üçün daha əlverişli və rəqabətqabiliyyətli təkliflər paketi hazırlanmalıdır. Çünki xarici investor hər hansı ölkəyə vəsait yatırmaq qərarı verərkən yalnız bazarın potensialını deyil, eyni zamanda fəaliyyət göstərəcəyi mühitin sabitliyini, hüquqi təminatları, biznesin idarə olunması imkanlarını və investisiyasının təhlükəsizliyini də nəzərə alır”.
“Məhz bu amillər nəzərə alınmaqla, qeyri-neft sektorunda xarici investisiyaların cəlb edilməsi üçün daha sistemli və məqsədyönlü siyasət həyata keçirilməlidir. Təəssüf ki, hazırda bu sahədə müəyyən problemlər mövcuddur və onların aradan qaldırılması investisiya axınının artırılması baxımından mühüm əhəmiyyət daşıyır” – deyə iqtisadçı əlavə edib.